
Sanki «Neftçi»nin alınına yazılıb - bu mövsüm «Turan Tovuz»la keçirdikləri bütün oyunlar heç-heçə bitməlidir.
Tərəflərin sayca üçüncü duelində ikinci dəfə 1:1 hesabı qeydə alındı.
Kurban Berdiyev«Neftçi»nin «bəxtini bağlayıb», deyəsən. Hər dəfə rəqibdən zəif təsir bağışlasalar da, sonda birtəhər məğlubiyyətdən qaça bilirlər.
Oyun heç-heçə başa çatdı, ancaq kimsə deməsin ki, «Neftçi» pis təsir bağışladı. Əllərindən gələni etdilər.
Emmanuel Hakmanın matçın əvvəlində meydandan atılması bir az onları arxayın saldı, bununla belə, «Turan»ın üstünə getdilər.
İqor Konavalovun seyvləri və qapı tiri «Neftçi»nin təzyiqini aşağı salmadı. Zədəli Emin Mahmudovun yoxluğunda bunu etmək o qədər də asan deyildi, lakin bacardılar.
Məncə, önəmli olan budur - komandanın sürəti və istəyi artıb. Samir Abasovun hücum futboluna üstünlük verməsi də müsbət haldır.
Meydanın özlərinə aid hissəsində ikiqat müdafiə xətti yaratmış «Turan»a qol vurmaq sizə halva yeməkmi gəlir?
Onlar futbol oynamır, eyni zamanda, qarşılarındakı komandanın da futbol oynamasına imkan vermirlər.
Arxı tullanmamış «hop» demə. Samir Abasovun da, futbolçularının da səhvi bunda oldu yalnız. Bassala Sambunun 89-cu dəqiqədə hesabı açmasına hədsiz sevindilər, sandılar ki, qarşılaşma bununla bitdi.
Tələsdilər, yaddan çıxardılar ki, «Turan Tovuz» futbol ilahəsinin ağuşuna sığınmış rəqibdir, son saniyələrdə yenə nəsə edə bilərlər.
«Turan Tovuz» başqa heç nə bacarmır: standart vəziyyətlərdə onlardan ehtiyatını gözləməlisən.
«Neftçi»nin qolunu vurmuş Sambunun bir yanlış baş zərbəsi ilə fürsət yaxalayan qonaqlar ani diqqətsizliyin səfasını gördü.
ELXAN