
Media günlərdir Samir Abasovun Ağadadaş Salyanski haqda dediklərini müzakirə etməkdədir.
«Neftçi»nin baş məşqçisi komandanın gənc hücumçusuna yönəlik tənqidləri mətbuat üzərindən səsləndirməsinə görə ciddi tənqid olunur.
Sanki birinci dəfədir. Axı biz bu açıqlamaya niyə belə təəccüblənməliyik ki?
Danışan Samir Abasovdur. O, proqnozlaşıdırılması məsələsi çətin insandır. Hər an hər şeyə, özündən çıxa, aləmi bir-biriə qata bilər.
Edib və edəcək də.
«Sumqayıt»da və «Zirə»də çalışdığı vaxt öz oyunçularını azmı «ağ yuyub, qara sərib»?
Şəxsən mən Amil Yunanov haqda mətbuat konfransında nə söylədiyini hələ də yaxşı xatırlayıram.
Səkkiz-doqquz ilin söhbətidir. «Sumqayıt»da yeni-yeni işləməyə başlamışdı və evdəki oyunların birində sonra Yunanovla bağlı ona sual ünvanlanmışdı.
Çox əsəbiləşmişdi onda. Həmin gün qol epizodlarını sağa-sola «xərcləmiş Amili bir xeyli qınamış, axırda da «gedib krantdan soyuq su içsin» demişdi.
Samir Abasovun həmkarlarından fərqi də budur. Peşəkar davranır, qeyri-peşəkarlıq nümunəsi göstərir, bu, artıq başqa məsələdir.
O, paltardəyişmə otağında futbolçularının üzünə söylədiklərini, adətən, media önündə də dilə gətirir.
Daha orasını fikirləşmir ki, mən düz edirəm, ya səhv. Söz ağlının ucundan keçdisə, dilinə gətirəcək, sonrasını düşünməyəcək.
Odur ki, Ağadadaş qətiyyən ruhdan düşməsin.
Samir Abasovun söylədikləri yalnız Ağadadaşın yaxasına yapışmır. Qoy, bundan komandanın bütün yerli futbolçuları narahat olsun.
Samir Abasov əcnəbilərin üstünə çox getməyib və getmir. Əvvəl də, indi də.
O, legionerləri harda və necə qınasa belə, jurnalistlərin qarşısında tənqid obyektini konkretləşdirməz.
Ümumi danışar, xarici adların üzərindən sükutla keçər. Bu da Abasovun əcnəbilərə rəğbətindən, yerli futbolçulara etinasız münasibətindən irəli gəlir.
MUSA