“Neftçi”də bu gün: Hamı gül, Ağadadaş kül – Səbəbi var

6 Mart 21:20 Neftçi 589
“Neftçi”də bu gün: Hamı gül, Ağadadaş kül – Səbəbi var

Samir Abasovun “Kəpəz”ə məğlubiyyətə necə şərh verəcəyi maraq doğururdu.

“Neftçi” demək olar heç nə edə bilmədiyinə görə uduzmuşdu axı.

Tovuzda gördüyümüz sanki həftələrdir qələbələri sıralayan komanda deyildi.

47 yaşlı çalışdırıcı mətbuat konfransında demək olar bütün oxları Ağadadaş Salyanskiyə tuşladı. Qol epizodlarını boşa verməkdə suçladı, buraxılan qoldan əvvəl Ağanın səhvə yol verdiyini dilinə gətirdi.

Guya meydanda hamı gül idi, bir Ağa kül?

Abasovun “günah keçisi” qismində məhz Salyanskini görməsi boşuna deyil. Bu adam yerli futbolçuların xəstəsidir. Əlacı və imkanı olsa, əsas heyətin hamısını yerlilərdən qurar. Hələ futbol oynadığı vaxtlardan yaxşı bilir ki, legionerlərə bel bağlamaq ağılsızlıqdır. Öz keflərindədirlər. Bu gün buradadırlar, sabah Allah bilir harda.

Görəndə ki, Ağadadaş, Murad, yaxud Azər ona verilən şansdan yararlana bilmir, dəliyə dönür. Baş məşqçi yerliləri boşuna döyüşə atmır ki.

Onlardan Azərbaycanda yerli futbolçuların yetişdiyini sübut etməyi tələb edir. Ona görə də də Ağadadaşı tənqid edir, üstünə gedir, daha artığını etməsini istəyir.

Həm də, gənclərin ruhuna bələddir. Bir-iki tərif eşidən kimi “səmaya qalxırlar”. Bilir ki, qılınc başlarının üstündə olmalıdır. Öz aramızdır, Ağadadaş pis, yaxud lazımsız olsaydı, onu kənarda saxlayıb Darbonu, Boqomolskini oynadardı da.

Tənqid edir ki, məsuliyyət hissi artsın, hansı yükün altında olduğunu anlasın.

Evə qonaq gələn uşaqlar aləmi bir-birinə qatıb səs-küy salanda, ata yanına kimi çağırır? Oğlunu. Qonağa qışqırmır ki. Düzdür?

Oğluna qulaqburması verir. Çünki umacağı ondandır, qonaqdan yox. Azərbaycanda işlənən “qızım sənə deyirəm, oğlum sən eşit” məsəlinin da bu mövzu üçün keçərli olması yerinə düşən faktdır.

Ümid edək ki, Ağadadaş baş məşqçinin dediklərindən küsüb-inciməyəcək. Əksinə, dərs çıxaracaq, öz oyunu ilə Abasovun tənqidinin cavabını artıqlaması ilə verəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti