
Premyer Liqanın ikinci yarısında özünə gələn “Neftçi” qələbələri sıralamaqdadır.
Lakin hazırkı komanda ilə uzağa getməyin mümkün olmadığını məşqçilər heyəti ilə yanaşı, klub rəhbərliyi də yaxşı bilir. Uğurlu nəticələrə çatmaq üçün dəyişikliklər mütləqdir.
Mövsümün sonunda bəzi futbolçuların müqavilə müddəti başa çatacaq. “Neftçi”nin səviyyəsinə uyğun olmayan, lakin sözləşməsinin müddəti davam edənlərlə də yolların ayrılması vacib şərtdir.
Belə olacağı təqdirdə “ağ-qaralar” yeni futbolçuların axtarışına çıxacaq, bəlkə də artıq bu işə start verilib. Ən uyğun yol CV dalınca düşməmək, başqa ölkələrə diqqət yetirməməkdir.
Son 2 ildə “Zirə”nin hansı üsuldan yararlanması göz qabağındadır. Rəşad Sadıqov əsasən Azərbaycanda oynayan əcnəbilərə göz qoyur, onların klubları ilə müqaviləsinin başa çatmasını gözləyir. Ən pis halda uyğun transfer qiyməti qarşılığında keçidləri həll olunur.
Və bu futbol siyasətinin nə dərəcədə fayda verdiyini görməkdəyik. Bu gün “Zirə”nin əsas yükünü Ruan Renato, Rafael Utziq, Davit Volkov, Junior Martins, Georgi Papunaşvili kimi əcnəbilər daşıyır. Çünki hər biri çempionata bələd idi, Sadıqov da onların nəyə qadir olduğunu əlinin içi kimi bilirdi.
“Neftçi” bu üsuldan yararlanmaqla yeni tarixin yazılması üçün irəliyə doğru ciddi addım atmış olacaq. Bu gün Premyer Liqada top qovan bacarıqlı və ən əsası “ağ-qaralar”a fayda verə biləcək kifayət qədər əcnəbi var ki, hər birinin müqaviləsi cari mövsümün sonunda başa çatır.
Kimdir onlar?
“Şamaxı”nın “divar” ləqəbli qapıçısı Rikardo Fernandes. Portuqaliya qolkiper bu gün Azərbaycanda ən yaxşı “çərçivə” qoruyucularından biridir. “Sabah” qış fasiləsində onu heyətinə qatmaq üçün çox çalışsa da, “Şamaxı”nın tələb etdiyi transfer haqqı qarşı tərəfi razı salmamışdı.
Son vaxtlar zədədən əziyyət çəkən digər “Şamaxı”lı Leroy Mikels də nəyə qadir olduğunu güclü rəqiblərlə oyunlarda ortaya qoyub. Texniki imkanları əsl “Neftçi” ruhuna uyğundur. Topla sözün əsl mənasında rəqs edən almaniyalı vinger hücum futbolu oynayan komanda üçün əla “materialdır”.
Alexandro Serrano bu gün Premyer Liqanın ən yaxşı “8 nömrə”si hesab olunur. “Turan Tovuz”un “ürəyi” sayılan ispaniyalı yarımmüdafiəçi həm dağıdıcı, həm də yaradıcı qismində meydanda çox iş görür. Yanında Elvin Camalov kimi “qara iş” görən olsa, Serrano indikindən də faydalı ola bilər.
“Qarabağ”ın da yaxından maraqlandığı deyilən İqor Ribeyro mütləq qeyd olunmalıdır. “Araz-Naxçıvan”ın braziliyalı mərkəz müdafiəçisi rəqib hücumçular üçün “qorxulu yuxu” təsiri bağışlayır.
Fiziki göstəriciləri ilə öyünən İqor taktiki baxımdan da ağıllı oyunu ilə seçilir. Hər bir baş məşqçinin ixtiyarında görmək istədiyi müdafiəçidir.
Bu futbolçuların klubları ilə sözləşmə müddəti cari mövsümün sonuna qədərdir.
Biz mövzuya toxunduq. Qalanı “Neftçi” rəhbərliyinin üzərinə düşən iş olsun.
HƏBİB / SPORTİNFO.AZ