
“Kubok oyununda yorğunluq və istirahətlə bağlı şərtlər eyni deyildi. Bu dəfə şərtlər eyni olacaq”.
“Kəpəz”in futbolçusu Turan Manafov Sportinfo.az-a “Neftçi”ylə matç barədə açıqlama verib.
Ölkə kubokunda üz-üzə gələn komandaların duelində bakılılar gəncəliləri üstələyib yarımfinala yüksəlməyi bacarmışdı – 2:0, 1:0.
26 yaşlı müdafiəçi fevralın 28-də Bakıda baş tutan oyunu “Kəpəz”in dincəlmək üçün yetərincə vaxtının olmaması və “Zirə”ylə matçın bir gün sonraya təxirə salınması ilə əlaqələndirərək, çempionat görüşünün fərqli məcrada keçəcəyinə inandığını deyib:
“Bəli, kubokda “Neftçi”yə uduzduq. Həmin məğlubiyyətlərin əvəzini çıxmaq üçün bu oyun bizim üçün yaxşı şansdır.
Hamı bilir ki, hazırkı şərtlərlə iki cəbhədə mübarizə aparmağımız mümkün deyil. Ona görə də əsas diqqəti Premyer Liqaya yönəltmişik.
Əlimizdən gələni edəcəyik ki, “Neftçi”ni udub “Səbail”lə xal fərqini artıraq və mövqeyimizi bir qədər yaxşılaşdıraq.
Bu dəqiqə bütün fikrimiz bu oyundadır. “Neftçi”ni ilk dövrədə məğlub etmişdik. Bilirəm ki, eyni uğuru yenə təkrarlaya bilərik. Bunun üçün gücümüz var”.
Martın 5-də Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.
HƏBİB