
“Neftçi” növbəti oyunda qələbə qazandı. Həm də qol buraxmadan.
Qarlı-şaxtalı hava şəraitinə, son yarım saatda azlıqda qalmasına baxmayaraq, “ağ-qaralar” “Kəpəz”i 10 hesabı ilə məğlub edib ölkə kubokunun yarımfinal mərhələsinə yüksəldi.
Emin Mahmudov komandası ilə bağlı sualları cavablandırıb.
- Altıncı oyunda beşinci qələbəni qazandınız. Komandanın yüksələn xətt üzrə inkişaf etməsini necə ifadə edə bilərsən?
- Bu nəticələr düzgün yolda olduğumuzu göstərir. Düşünürəm ki, bu, gələcəkdəki uğurlu yolun başlanğıcıdır. Hələ heç nəyə nail olmamışıq. Sadəcə, bu gün üçün işimizi görürük. İnşallah, bu qələbələrin davamını gətirəcəyik.
- Komandanın nəticələrindəki yüksəliş göz qabağındadır və sizi sevindirir. Bəs, narahat edən məqam(lar) nə(lər)dir?
- Narahat edən nəyinsə olduğunu deməzdim. Onu deyə bilərəm ki, daha yaxşı oynamalı, xüsusən hücumlarda effektli olmalıyıq. Sizi inandırım, hər gün məşqlərdə ən çox üzərində işlədiyimiz də budur. “Neftçi” daha çox qol imkan yaratmalı, daha çox qol vurmalıdır. Oyundan-oyuna düzələcək. Bir az vaxt lazımdır.
- Martda Premyer Liqada 4 oyun keçirəcəksiz. "Kəpəz" və "Səbail"lə səfərdə oynayacaq, "Turan"la "Araz"ı öz meydanınızda qəbul edəcəksiniz. Neçə mümkün xal ehtimal edirsən?
- Nə qədər çox xal yığsaq, bunun bizə faydası olacaq.
- 8, 9, 10, 11, yoxsa 12? Konkret rəqəm adı çəkə bilərsən? Bu, sadəcə, ehtimal və gözləntidir.
- Mən 12 xal istəyirəm! Yalnız və yalnız bunun üçün mübarizə aparacağıq.
- Məlum məsələdir ki, avrokuboklara vəsiqə üçün ən rahat yol ölkə kubokuna sahib olmaqdır. Bəs, çempionat yolu ilə necə, dördüncü pillədəki "Turan"la 15 xallıq fərqi aradan qaldırmaq mümkün görünür?
- Məlum məsələdir ki, çempionatın sonuna 12 tur qalmış 15 xal böyük fərqdir. Üstəlik, oyunlar da çətin keçir, heç bir komanda uduzmaq istəmir. Amma biz xal fərqinə baxmırıq. Bu dəqiqə bizi düşündürən əsas məsələ meydana çıxdığımız hər oyundan qələbə ilə ayrılmaqdır.
HƏBİB / SPORTİNFO.AZ