
"Neftçi”nin braziliyalı legioneri Yuri Matias Braziliya mətbuatına müsahibəsində ailəsindən uzaqda yaşamağın çətinliklərindən danışıb və övladı ilə bağlı həssas məqamlara toxunub.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Globo” nəşrinə müsahibəsində deyib ki, ailəsi Braziliyanın Paraiba ştatında yaşayır.
Matiasın iki övladı var. Onlardan biri - 5 yaşlı kiçik Mateusa autizm spektr pozuntusu (ASP) diaqnozu qoyulub və o, xüsusi qayğıya ehtiyacı olan bir uşaqdır.
“Globo” nəşri yazır ki, xarici klublarda futbol oynamaq bir çox braziliyalının arzusudur. Lakin ailədən uzaqda yaşamaq bu təcrübəni daha çətin edir.
Xüsusilə Braziliyada artıq ailə sahibi olan idmançılar üçün. “Neftçi”nin müdafiəçisi Yuri Matias da onlardan biridir. Mateusun autizm spektr pozuntusu olması Matiasın ailəsindən ayrı qalmağını daha da ağırlaşdırır.
Yuri deyir ki, həyat yoldaşı və övladları ilə əlaqəni daim saxlayır, lakin bu vəziyyətin nə qədər çətin olduğunu da vurğulayır:
“Bu, çox çətindir. Adətən bunu izah edə bilmirəm. Çünki bu məsələ məni dərindən təsirləndirir və çox incidir.
Kiçik oğlumun autizm olması isə ayrı bir mübarizədir. Onun inkişafı üçün müalicəsinə üstünlük verməliyəm”.
Demək olar ki, 10 ildir ailəsindən uzaqda olan Yuri xaricdəki karyerasının əvvəlində çətinliklər yaşasa da, oynadığı ölkələrin mədəniyyətinə uyğunlaşa bilib.
O bildirir ki, ailəsindən uzaq olmaq meydandakı performansına təsir etmir, lakin birlikdə olduqları zaman övladlarının davranışında ciddi dəyişikliklər olur. Bunu futbolçunun həyat yoldaşı Mikele də təsdiqləyir:
“Uşaqların Yuriyə çox güclü bağlılığı var. O yaxınlıqda olmayanda, xüsusilə autizm diaqnozu qoyulmuş Mateusun davranışı daha da pisləşir.
Birlikdə olanda isə onun davranışı inanılmaz dərəcədə dəyişir. Hər şey daha yüngül, daha az stresli olur. Mən həmişə deyirəm ki, Yuri onların dərmanıdır”.
Yurinin “Neftçi” ilə müqaviləsi bu ilin iyun ayında başa çatır. O, artıq istənilən klubla öncədən müqavilə imzalamaq hüququna malikdir.
Futbolçu Braziliyadan təklif gələcəyi təqdirdə, ailəsi ilə birlikdə yaşaya biləcəyi üçün vətənə qayıtmağı düşündüyünü bildirib.