.jpg)
"Neftçi"nin qış fasiləsində etdiyi ən uğurlu transfer şübhəsiz Elvin Camalovdur.
Orta sahə oyunçusu qısa müddətdə bütün camiənin sevimlisinə çevrilə bildi. Ortaya qoyduğu parlaq oyunu, mübarizə ruhu ilə.
Deyəsən, ikinci belə uğurlu transfer Aleks Fernandes olacaq.
11 fevral kollektivə qoşulan braziliyalı 10 gün sonra "Sumqayıt"la matçda start heyətində meydana çıxdı.
Vinger 57 dəqiqə şans aldığı görüşdə özü barədə müsbət siqnallar verə bildi
Bugünkü "Neftçi"də kreativ cinah oyunçulara böyük ehtiyac var.
Cəldliyi, sürəti, birə-birdə effekli olması ilə seçilən cənubi amerikalı bu boşluğu doldura bilər.
Düzdü, qarlı-şaxtalı hava şəraiti texniki futbola üstünlük verən "11 nömrə"nin faydalı iş əmsalına ciddi təsir edirdi.
Bir neçə uzaqdan zərbə cəhdinin uğursuz alınmasında da meydanın durumu az rol oynamadı.
İlk rəsmi matçı olmasına baxmayaraq meydandakı sərbəst davranışları diqqətdən qaçmadı.
Hücumların yekun məsuliyyətini üzərinə götürməsi də bundan irəli gəlirdi.
Epizodlarda fəal iştirak edirdi.
Bir sözlə, başlanğıc üçün performansı yaxşı idi.
İlkin siqnallar onu deyir ki, hazır oyunçudur. Qısa vədə də "Neftçi"yə fayda verə biləcək.
Yeni ölkə, yeni liqa, yeni komandada olmasını da unutmaq olmaz.
Deməli, hər ötən həftə qarşımızda daha yaxşı Aleks görə bilərik.
XANOĞLAN / SPORTİNFO.AZ