
«Neftçi»nin baş məşqçisi Samir Abasov bir ifadə işlədib bu dəfə.
Komandasının «Sumqayıt» üzərində 1:0-lıq qələbəsindən məmnun qalaraq, «mən razı qaldım» söyləyib.
Çox üzüldüm onun dediyinə. «Neftçi» parlaq oynayar, rəqibdən üstün təsir bağışlayar, qol epizodlarını muncuğa düzər, onda mən heç nə demərəm Abasovun dediklərinə, susaram.
Susaram ki, kişi düz deyir, komanda fısqırıq oynadı, o, elə belə danışmalıdır da.
Əfsuslar olsun ki, «Neftçi» yenə ondan gözlənilən, istənilən, tələb edilən futbolla azarkeşlərini sevindirmir.
Açılış turunun ilk qarşılaşmasının qəhrəmanı «Neftçi»nin futbolçuları deyil, bilirsiz, kimir?
Qar başına döyə-döyə stadiona gəlib, şaxtadan dona-dona «Neftçi»ni qələbəyə səsləyən azarkeşlər.
Doğma komandalarının utancverici oyununa rəğmən, əvvəldən-axıradək tribunada qaldılar, yarımçıq tərk edib getmədilər, dəstəklərini verdilər. Vallah, bu adamlardan ayıbdır!
«Neftçi»nin futbolçusu həmin azarkeşin xəcalətindən çıxmalıdır, heç olmasa.
Samir Abasov matçdan sonra onlardan razılıq etməli, təşəkkürünü bildirməli idi.
Etmədi və demədi. Düz eləmədi.
«Sumqayıt» hakimlikdən narazı qaldı. Vaqif Cavadov şikayətini media ilə bölüşdü, Samir Abasov isə bu konteksdə yenə susdu.
Tural Qurbanovun kritik anlarda «Neftçi»nin iki penalti istəyini gözündə qoymasını yada salmadı.
Onu demə, bunu demə, onu gizlət, bunu gizlət… Day nə oldu onda?!
ELNUR