
"Sumqayıt" ardıcıl 9-cu oyunda da qol vurmağı bacarmadı. Komandanın baş məşqçisi Vaqif Cavadov isə yöndəmsiz açıqlamarına davam edir.
Hər dəfə üstümüzə bir bəhanə ilə gələn çalışdırıcı bu dəfə də mətbuata hakimləri nişan verdi.
Gənc məşqçinin tutduğu yol özünün də, klubun da gələcəyini sual altına alır.
9 oyundu qələbə ilə bərabər qol üzünə həsrət qalan baş məşqçinin danışmalı, həll etməli o qədər problem var ki...
Nə dilə gətirir, nə də dilə gətirənlərlə razılaşır.
"Neftçi" ilə oyunun idarəçiliyinə görə isə Cavadov hakimlərdən şikayət etmək əvəzinə, onlara minnətdar olmalı idi.
Ki, referi 77-ci dəqiqədə Casurbek Caloliddinovu simulyasiyaya görə ikinci sarı vərəqə ilə meydandan qovmadı. Bu baş versəydi, bəlkə də davamındakı proseslər olmazdı. Hətta bu gün "Neftçi"nin asan əldə olunan qələbəsindən danışa bilərdik.
Hə, Höccət Haqverdinin müdaxiləsindən sonra Bobir Abdixolikovun yerdi qaldığı epizoda görə mübahisə etmək olar. "Neftçi"nin müdafiəçisi xırda toxunuşla buna əsas verdi. Amma orada belə penal verməyə yetəcə şiddət yox idi. Futbolda tez-tez rastlaşdığımız ikili mübarizə kimi qəbul edib, üzərindən keçmək olar.
Əksinə Murad Məmmədova qarşı aşkar qayda pozuntusuna hakimin fiti susduğu üçün gərək meydan sahibləri üsyan edərdi. Sadəcə buna fürsət olmadı.
Bir neçə saniyə sonra Elvin Bədəlovun müdaxiləsindən sonra bu dəfə Ağadadaş Salyanski yerdə qaldı. Referi nəhayət bu dəfə nöqtəni göstərdi.
Verilən penalı isə müzakirə etməyə də lüzum görmürəm. Cərimə meydançasında ayağa aşkar toxunuş varsa, baş hakim nöqtədən başqa haranı göstərə bilərdi?
Belə epizodlara görə şikayətçi olmaq rəqibin qələbəsinə kölgə salmaq cəhdinə daha çox oxşayırdı.
Ümumiyyətlə, ölkə futbolunda hakimləri mühakimə etmək dəb halını alıb. Futbolçumuz, futbolumuz nə gündədirsə, hakimlərimiz də o gündədi. Hər dəfə qərəz axtarmaq, hakim səhvlərinin arxasında gizlənmək cılızlıq əlamətidir.
XANOĞLAN İMANOV