“Neftçi” üçün əla imkan!

21 Fevral 19:00 Neftçi 1 085
“Neftçi” üçün əla imkan!

Son həftələrdə yaxşı mənada adından söz etdirən “Neftçi”nin növbəti rəqibi “Sumqayıt”dır.

Hansı vəziyyətdə olmasına baxmayaraq, illərdir sumqayıtlılar bakılılar üçün arzuolunmaz rəqib hesab edilir.

Bu komandalar arasındakı görüşlər prinsipial keçir və maraqlı alınır.

Abasovun unutmadığı gün

Görüşə rəng qatan başlıca məqam cari mövsümdəki duellərdir. 2024-25 “futbol ili”ndə komandalar iki dəfə üz-üzə gəlib və “Neftçi” heç bir halda qələbə istəyinə çata bilməyib.

Birinci dövrədə məhz Samir Abasovun çalışdırdığı kollektiv Roman Qriqorçukun rəhbərlik etdiyi “Neftçi”ylə bərabərə qalmışdı – 1:1. Həm də Bakıda, “Neftçi Arena”da.

İkinci dövrədəki vəziyyət fərqli idi. Bu dəfə Abasov “Neftçi”nin “sükanı” arxasındaydı, “kimyaçılar”ı isə məşqçi kimi Premyer Liqada ilk ilini keçirən Vaqif Cavadov çalışdırırdı. Sumqayıtda gerçəkləşən dueldə meydan sahibləri “ağ-qaralar”ı 2:0 hesabı ilə məğlub etmişdi. Məhz həmin oyunda Samir Abasov öyrədilmiş bəzi sumqayıtlı azarkeşlərin təhqirlərinə məruz qalmışdı.

Abasovun sabiq komandası ilə üz-üzə qalması, üstəlik, ikinci dövrədəki qarşılaşmanın işartıları istər-istəməz özünü göstərəcək.

“Neftçi” üçün əla imkan

Bu oyunun nəticəsi komandaların turnir cədvəlindəki mövqeyi baxımından ciddi önəm kəsb edir.

6-cı pillədəki “Neftçi”ni (24 xal) özündən öndəki “Sabah”dan 8 xal ayırır (32 xal). “Tələbələr”in “Qarabağ”la qarşılaşdığını nəzərə alsaq, bakılıların əsas rəqiblərindən biri ilə xal fərqini azaltmaq imkanı yaranıb.

“Sabah”ın mümkün məğlubiyyəti, “Neftçi”nin mümkün qələbəsi xal fərqinin 5-ə enməsinə səbəb ola bilər. Bu, həm də təhlükəli zonadan uzaqlaşmaq baxımından işə yarayacaq.

Sumqayıtlıların Bakıda mümkün qələbəsi isə irəliyə doğru ciddi sıçrayış olacaq. Bu, baş versə, Cavadovun çalışdırdığı kollektiv 6-cı pilləni “ağ-qaralar”ın əlindən alacaq, Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlarla xal fərqi xeyli artacaq.

2 aydan çoxdur ki...

İndiki məqamda komandaların psixoloji durumunda uçurum fərqi var. “Neftçi” çətin dönəmi geridə qoyub,

Çempionatda “Şamaxı” və “Zirə” üzərində vacib qələbələr, kubokda “Kəpəz”i səfərdə məğlub etmək, ötən həftə “Qarabağ”la başa-baş keçən oyunda matçın sonlarına yaxın buraxılan qol bakılıların oyunundakı inkişafdan xəbər verir.

“Sumqayıt”a gəlincə, təkcə bir faktı vurğulamaq bəs edir. “Kimyaçılar” sonuncu dəfə dekabrın 8-də məhz “Neftçi”ni məğlub edib və o vaxtdan bu yana Premyer Liqada 7 oyundur qələbə qazana bilmir. Hətta 2 aydan çoxdur rəqib qapılarına yol tapmaq da müşkülə çevrilib.

Fevralın 21-də “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"