
"Neftçi" yaxın günlərdə daha bir futbolçusu ilə vidalaşa bilər.
Yaxınlarda Mark Tamaş və Kilan Lebonla yollarını ayırmış "ağ-qaralar" bu dəfə Azər Əliyevlə sağollaşmaq niyyətindədir.
Baş məşqçi Samir Abasov yarımmüdafiəçi ilə görüşərək, öz planlarıyla tanış edib.
Çalışdırıcı bildirib ki, artıq islahatlara start verib və bəzi oyunçular kimi, onun da xidmətinə ehtiyac duymur.
Abasov uzun müddətdir əsas heyətə düşməyən cinah oyunçusundan müqaviləni qarşılıqlı razılıq əsasında pozmasını istəyib.
O, "Neftçi"yə 2022-ci ilin qışında transfer olunub. Tərəflər arasında müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Azər "Neftçi"nin heyətində 65 oyun keçirib. Bu müddətdə 3 qol vurmağı bacarıb.
Əliyev bunadək “Yenisey”, “Saxalin”, “Krılya Sovetov”, “Ufa” və “Tambov”da çıxış edib. O, karyerasının böyük hissəsini Rusiyada keçirib.
Azər peşəkar karyerasına "Yenisey" akademiyasında başlayıb. Daha sonra bu klubun əsas komandasına çağırılıb.
İki il öncə Azərbaycan pasportu alıb və Canni De Byazi tərəfindən milliyə dəvət olunub. Yarımmüdafiəçi yığmanın Avstriya seçməsinə qarşı oyununda 45 dəqiqə meydanda olub.
SPORTİNFO.AZ