Ayağa qalxan, addım atan “Neftçi”... Daha hansı xəbərlər eşidəcəyik?

18 Fevral 21:20 Neftçi 1 087
Ayağa qalxan, addım atan “Neftçi”... Daha hansı xəbərlər eşidəcəyik?

“Moskva birdən-birə qurulmayıb” bənzətməsi ilk dəfə kimi ağlına gəlibsə, o adama halal olsun.

“Neftçi” – “Qarabağ” qarşılaşmasında meydan sahiblərinin oyununa diqqət yetirdikcə, hər dəfə ağlımdan bu ifadə keçirdi.

İki ay əvvələ kimi qapazaltı statusu ilə barışan, “Kəpəz”ə uduzub, “Şamaxı”ı ilə bərabərə qalan, “Qarabağ”la birinci dövrənin oyununda qapısı “aşsüzənə dönən” “Neftçi”ni gözlərimin önünə gətirirdim, bir də bazar günü “Qarabağ”ı qapısına sıxışdıran indiki “Neftçi”ni.

Aşağı-yuxarı həmin heyətdir, ciddi dəyişiklik olmayıb. Əsas dəyişiklik baş məşqçinin adı ilə bağlıdır ki, hər şey göz qabağındadır.

Samir Abasov ağlındakıları tam olmasa da, müəyyən mənada aşılamağı bacarıb. Meydandakıların tapşırıqları 100 faiz yerinə bilməməsi başqa məsələdir. Baş məşqçi onların yerinə topun dalınca qaçan deyil ki.

Ərqərəz, “Neftçi” sözün yaxşı mənasında “dirilib”. Ağdamlıların 10 nəfər qalmasının yekun nəticədə böyük rol oynadığını düşünənlərə kolumbiyalının meydanı tərk edənə qədər olan müddətdəki videoyazısına təkrar baxmasını tövsiyə edə bilərəm.

“Ağ-qaralar” 11-11-ə oynayanda belə, rəqibinə göz açmağa imkan vermirdi.

Yəni kifayət qədər istəkli, mübariz, fiziki gücü ilə öyünə bilən komanda var idi meydanda.

Ardıcıl 3 qələbədən sonra “Qarabağ”ın qapısı qarşısında bu qədər qol imkanı yaxalayan “Neftçi”nin əvvəlki əzəmətini qaytarması üçün müəyyən zamana ehtiyac var. O zaman isə çox yaxında görünür. Maksimum 2-3 ay.

Yerlə sürünən “Neftçi” artıq ayağa qalxıb, hətta addımlamağa başlayıb. İndi qalır sağlamlığına tam şəkildə qovuşub qaçmağa start verməsi.

Hələ yarıcan “Neftçi”nin oyununa 10 minə yaxın adam gəlmişdisə, görün, komandadakı problemlər tam aradan qalxandan sonra nələr yaşanacaq.

Ötən yazıda qeyd etdiyim kimi, Azərbaycan futbolunun nəfəs almasını istəyiriksə, “Neftçi” dirilməli, “Qarabağ”a layiqli rəqibə çevrilməlidir.

Bax, onda bülbül gülü, gül də bülbülü çağıracaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti