
Futbol ictimaiyyəti “Neftçi” – “Qarabağ” qarşılaşmasını səbrsizliklə gözləyir.
Tək ictimaiyyətmi? Xeyr.
Ürəyi sevimli komandaları ilə döyünən azarkeşlər necə deyərlər, saatın əqrəblərini iplə çəkir.
Ümumi mənzərəyə nəzər salanda bazaar günü “Neftçi Arena”da anşlaq yaşanacağına şübhə yeri qalmır.
“Ağ-qaralar”ın əsas azarkeş qrupu “Forza Neftçi” Azərbaycan derbisinə xüsusi həvəslə hazırlaşır. Hər halda, qrupun rəhbəri Səccad Abasovun sosial şəbəkə hesabında yazdıqları bunun sübutudur.
Abasov ölkədəki “Neftçi”sevərlərə səslənib:
“Dostlar, yoldaşlar, çiyindaşlar, yanımızda olanlar, ürəyi bizimlə olub qəlbi küskünlər, uzun sözün qısası hamıya səslənirəm.
Bilirsiniz ki, həftəsonu oyunumuz var. Hər kəs bu oyunda bir yumruq olmalıdı.
Söhbət oyun və ya başqa şey deyil, çünki biz dəstəyimizi verəcəyik hər zaman olduğu kimi. “Neftçi”nin və “Forza Neftçi”nin adını hər şeyin bahasına qoruyacağıq.
Küssəniz də, incisəniz də, “Neftçi” bir dənədir. Ona dəstək olmalıyıq. Bizimlə birlikdə hər kəs “Forza” sektorunda olmalıdır. İnşallah, hər şey yaxşı olacaq, təki nəticə də yaxşı olsun.
“Neftçi” fanatının gücünü hamıya göstərməliyik. Bazar günü “mənəm-mənəm” deyən qardaşları gözləyirik, bəhanə qəbul olunmur!”
Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutacaq “Neftçi” – “Qarabağ” görüşünün start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ