“Neftçi”nin futbolçusu ŞOK İÇİNDƏ! - “Mən hələ bu cür..”–

20:00 Neftçi 684
“Neftçi”nin futbolçusu ŞOK İÇİNDƏ! - “Mən hələ bu cür..”–

“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 22-ci turunda “Zirə” üzərində 2:1 hesabı ilə qələbə qazandız. Bu, nə oyun idi belə?

- Həqiqətən möhtəşəm oyun alındı. Meydanda canımızı qoyduq, sona qədər mübarizə apardıq. Emin qol vuranda bəlkə də hər kəs qalib gələcəyimizi düşünürdü. Rəqib hesabı bərabərləşdirəndə matçın heç-heçə bitəcəyini təxmin edirdilər. Lakin futbol belədir, 5 dəqiqə ərzində nələrin baş verdiyini gördünüz. Əminəm ki, “Neftçi”ni sevən insanlar bu gün xoşbəxtdirlər. Çünki bu, əsl “Neftçi” xarakteridir.

- Ruan hesabı bərabərləşdirəndə nə hislər keçirdin?

- O qol vurulanda şoka düşdüm. Hakim oyunu başa vurmağa hazırlaşanda qol buraxmaq ağırdır. Ancaq içimdə bir hiss var idi ki, bu görüşdə qalib gələcəyik. Futbolçular oyunun gedişatına, rəqibin oyununa əsasən nələrin yaşanacağını müəyyən mənada hiss edə bilir. Koffi də qol vuracağını hiss edərək o cür həssas məqamda müdafiəni atıb hücuma qaçdı. Heç kim ona ora getməyi tapşırmamışdı, özü hiss edərək qaçdı. Ramil də sağ olsun, əla ötürmə etdi. Haqq etdiyimiz qələbəni qazandıq.

- 3 oyun və 3 qələbə. “Neftçi” qayıdır?

- Hamımız buna ümid edirik. Çünki çox çalışırıq, nələrisə düzəltməyə çalışırıq. Amma açıq deyim ki, görməli olduğumuz işlər çoxdur. Biz ilk növbədə ailə olaraq möhkəmlənməliyik. Bu, çox vacibdir. Artıq bunu bacarırıq. Oyun planındakı çatışmazlıqları da aradan qaldırsaq, əsl “Neftçi”ni görmək mümkün olacaq.

- Fevralın 9-da həm də “Forza Neftçi”nin ad günüydü. Onlara sözün var?

- Özümə və yaxınlarıma nə arzu edirəmsə, eynisini onlara diləyirəm. Bura ilk gəldiyim gündən məni özlərinə qardaş biliblər, hər zaman dəstək veriblər. Tək mənə yox, bütün futbolçulara qarşı belədirlər. Onlar əsl azarkeşlərdir. Çünki tək yaxşı yox, pis günümüzdə də yanımızda olduqlarını göstəriblər. Birlikdə sevinib, birlikdə üzülmüşük. Açıq deyirəm, bu günə qədər karyeramda özümə qarşı bu cür sevgi görməmişdim. Hər birinə təşəkkür edir, həyatlarında uğurlar arzu edirəm. “Neftçi”nin uğurlarına birlikdə sevinmək ümidi ilə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti