Qayıt, “Neftçi”, qurban olum, qayıt!

12 Fevral 22:20 Neftçi 407
Qayıt, “Neftçi”, qurban olum, qayıt!

“Neftçi”siz çempionat şikəst görünür.

“Neftçi”siz ölkə futbolu övladını itirmiş valideyn kimidir.

“Neftçi”siz bakılı azarkeş təsbehsiz və “aerodrom”suz qədeşə oxşayır.

“Neftçi”nin ardıcıl 3 oyunda qələbə qazanması ölkədə kiçikdən-böyüyə hamının ürəyinə yağ kimi yayılıb. Hətta əsas rəqib “Qarabağ”a könül verənlər belə, bu komandanın döyüş meydanlarına qayıtmasını sidqi ürəkdən arzu edirlər.

Bu ölkədə “Qarabağ”a boy verəcək, “Qarabağ”ı taxtdan salacaq, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edə biləcək bir komanda varsa, o da “Neftçi”dir.

“Zirə”ylə oyundakı atmosferi gördünüz? O, nə sürət, nə həvəs, nə mübarizə, nə təzyiq idi elə? “Neftçi” cari mövsümdə ən parlaq, ən istəkli oyununu göstərdi. 90 dəqiqədən zövq almamaq mümkün deyildi. Əsl “Neftçi” ruhu var idi meydanda. Banişevski sağ olsaydı, ayaq üstə alqışlayardı o komandanı.

Əsas heyətdə yer alanların əksəriyyətinin yerli olması, məşqçilər heyətində pulu yox, “Neftçi”ni düşünən adamların qərarlaşması get-gedə özünü göstərməkdədir. Damla-damla, damcı-damcı. Bu cür davam edə bilsələr, bizi qarşıda möhtəşəm günlər gözləyir.

Tofiq Bəhramov adına Respublika stadionunun uzun illərdən sonra “Qarabağ” - “Neftçi” oyununda dolması üçün “ağ-qaralar”ın qayıtması mütləqdir.

“Neftçi”nin dönüşü ilə ölkə futbolu canlanacaq, tribunalardakı azarkeşlərin sayı artacaq, rəqabət ən üst səviyyəyə çatacaq, biz jurnalistlər üçün mövzular çoxalacaq. Və ən əsası, “Qarabağ” meydanda tək qalmayacaq.

Bunu gəncəli, ağdamlı, lənkəranlı, tovuzlu azarkeşlər də arzulayır.

Qayıt, “Neftçi”, qurban olum, qayıt!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 11:20 Bu da səndən ötrü!