“Neftçi”nin yeni transferini Kadi ilə birləşdirən nədir? - VİDEO

16:40 Neftçi 1 197
“Neftçi”nin yeni transferini Kadi ilə birləşdirən nədir? - VİDEO

“Neftçi” qış fasiləsində üçüncü transferini həyata keçirdi.

Elvin Camalovla Bassala Sambunu heyətinə qatan bakılılar Rusiya “Baltika”sından Aleks Fernandesi mövsümün sonuna qədər icarəyə götürdü.

Azarkeşlərin ciddi marağına səbəb olan braziliyalı yarımmüdafiəçinin karyerası və statistik göstəriciləri yeni komandası üçün uğurlu olacağından xəbər verir.

Aleksin yeniyetməlik və gənclik illərindəki karyerasında “Santos”, “Atletiko Mineyro”, “Portuguesa Santista” kimi klubların adları olsa da, o, peşəkar həyata Avropada qədəm qoyub.

2002 doğumlu futbolçu 2022-ci ildə, 20 yaşında Bolqarıstana üz tutaraq yerli “Çerno More” ilə müqavilə bağlayıb. Və elə ilk mövsümdəcə hansı ölkəni təmsil etdiyini yaxşı mənada sübut edib.

2022/23 mövsümdə yüksək dəstədə 19-u əsas heyətdə olmaqla 26 qarşılaşmada şans qazanan Fernandesin məshuldarlığı 3 qol və 3 assist olub. Ölkə kubokunda 5 oyunda 1 qolla fərqlənib.

Növbəti “futbol ili”nin yarısını da Bolqarıstanda keçirən “11 nömrə”nin məhsuldarlığı diqqətçəkən olub.

O, 2023-cü ilin iyul ayından dekabra qədər elitada 18 görüşdə 5 qol vurub, 5 məhsuldar ötürməyə imzasını yazdırıb. Bolqarıstan kubokunda 1 oyunda forma geyinib.

“Çerno More”dəki çıxışı ilə Rusiya klubunun diqqətini çəkən “sambaçı” 2024-cü ilin əvvəlində həmin vaxt Premyer Liqada mübarizə aparan “Baltika” ilə 3,5 illik sözləşmə imzalayıb.

Premyer Liqada 12 görüşdə rəqib qapılarına 4 dəfə yol tapan Aleks, aprel ayında “Axmat”la səfər qarşılaşmasında het-trik etməklə “Baltika” azarkeşlərinin könlünə yol tapıb.

Ölkə kubokunda 5-i əsas heyətdə olmaqla 6 dəfə meydana çıxıb. Kubokun final qarşılaşmasında ünlü “Zenit”in qapısına yol tapmasına baxmayaraq, oyun “Baltika”nın 1:2 hesablı yenilgisi ilə başa çatıb. Moskva “Spartak”ı ilə qalib gəldikləri dueldə isə yeganə qolun ötürməsini edib.

O, cari mövsümün ilk yarısında Premyer Liqanı Birinci Liqaya dəyişən ”Baltika”nın heyətində çempionatda 15 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib, Rusiya kubokunda 3 matçdakı göstəriciləri də eyni olub - 3 qol, 1 assist.

Əsasən sağ cinah yarımmüdafiəçisi kimi şans qazanan “Neftçi”nin yeni transferinin məhsuldarlıq bacarığını yüksək qiymətləndirə bilərik. Aleksin 3 il ərzində Bolqarıstan və Rusiyada müxtəlif turnirlərdə meydana çıxdığı 85 görüşdə 20 qol vurub, 11 assistlə diqqət çəkməsi sıradan göstərici deyil.

Sağ cinahda yer alsa da, Fernandesin işlək ayağı soldur. “Sağ”da qərarlaşmağa alışıb, lakin zaman-zaman yarımmüdafiənin mərkəzində və “sol”da yer alıb.

Sürətli və texnikalıdır, sol ayağı ilə öldürücü zərbələrə malikdir. Standart vəziyyətlərdən məharətlə istifadə etməyi bacarır.

Oyun üslubu, zərbə texnikası, topla davranışları baxımından bir növ “Qarabağ”dan tanıdığımız Kadi Borqesi xatırladır.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti