![Abasov “Neftçi”nin dərdinə çarə tapıb – O birini də həll edə bilsə...](https://www.sportinfo.az/media/2025/02/08/476238509_18485402896046079_6080631420476460619_n.jpg)
Hər nə qədər qəribə səslənsə də, “Neftçi” cari mövsümdə ardıcıl 2 oyunda qələbə qazanmağı bacardı.
Ötən həftənin cümə axşamı öz meydanında “Şamaxı”nı udan (1:0) “ağ-qaralar” çərşənbə günü ölkə kuboku çərçivəsində çətin Tovuz səfərində “Kəpəz”in qapısına yol tapmağı bacardı – 2:0.
Samir Abasovun rəhbərlik etdiyi komandanın qol vurmaqla bağlı problemi yoxdur. “Neftçi” son 5 matçda meydanı qolsuz tərk etməyib və son 2 görüşdə quru hesabla qələbə qazanıb.
Bakılılar Abasovun rəhbərliyi altında Premyer Liqa və Azərbaycan kuboku qarışıq 14 oyun keçirib ki, bunların 10-da rəqib qapısına yol tapmağı bacarıb. Halbuki, Roman Qriqorçukun dönəmində 9 qarşılaşmanın 5-də qol vurmaq mümkün olmamışdı.
Məhsuldarlıq faizi ən üst səviyyədə olmasa da, normal hesab edə bilərik.
İndi əsas problem müdafiə xətti ilə bağlıdır. Abasovun dönəmində keçirilən 14 oyunun yalnız 4-də qapının toxunulmazlığını qorumaq mümkün olub. Digər 10 halda rəqiblər qol istəyinə çatıblar.
“Kəpəz”lə duel “ağ-qaralar”ın arxa xəttinin hansı vəziyyətdə olduğunu çılpaqlığı ilə ortaya qoydu. Gəncəlilər təkcə birinci hissədə 5 real qol fürsətini boşa verməsəydi, yekun nəticədə başqa hesab qeydə alınacaqdı.
Məşqçilər heyəti gecəsini gündüzünə qatıb müdafiə xəttini bərkitmək barədə düşünməlidir. “Neftçi”nin hazırkı baş məşqçisinin vaxtilə “Sumqayıt”da “divar” yaratmaq bacarığına sahib olduğunu nəzərə alsaq, bu problemi aradan qaldırmaq çətin görünməməlidir.
Təbii ki, sərəncamında mahir ifaçılar varsa.
HƏBİB / SPORTİNFO.AZ