«Neftçi»nin danışıqlar apardığı iki hücumçudan biri artıq Azərbaycana gəlib.
O, Bassala Sambudur.
27 yaşlı forvard yerində görüşmələr keçirmək, həmçinin klubun şəraiti ilə yaxından tanış olmaq üçün Bakıya təşrif buyurub.
Bassala Almaniyanın Hannover şəhərində dünyaya gəlib.
İngiltərə pasportu daşıyan ön xətt oyunçusu futbolda ilk addımlarını «Koventri Siti»də atıb. 2016-2019-cu illəri «Everton»da keçirib.
Daha sonra Niderlanda yollanıb, 3 il «Fortuna Sittard»a məxsus olub. «Fortuna» onu bu müddətdə Danimarka «Randres»inə icarəyə verib.
Ardınca İngiltərədə «Kriv Alexandra»nın formasını geyinib. 2023-cü ili bu ölkədə «
Oldham Atletik»nin uğurları üçün tər töküb. Həmin ilin ikinci yarısında Cənubi Kiprə üz tutub, «Enosis»lə anlaşıb. Ada ölkəsində 43 oyun keçirib, 5 qol vurub.
«Neftçi»nin Seneqal kökənli Bassala ilə müqavilə imzalamaq niyyəti var. Amma o, «ağ-qaralar»ın sonuncu transferi olmayacaq.
SPORTİNFO.AZ