![“Neftçi”nin baş məşqçisinə “kəllə atan” kimdir? - TƏFƏRRÜAT](https://www.sportinfo.az/media/2025/02/07/475996069_18485402950046079_3316687210890709349_n.jpg)
Fevralın 6-da ölkə futbolunda yaşanan biabırçı olay böyük rezonans doğurdu.
Söhbət U-17 Liqasının 26-cı turu çərçivəsində keçirilən “Vətən” – “Neftçi” qarşılaşmasında ikincilərin baş məşqçisi Asif Ramazanovun döyülmə faktından gedir.
“ASK Arena”da baş tutan görüşün ikinci hissəsində, “ağ-qaralar” hesabda öndə olduğu vaxtda iki komandanın rəsmiləri arasında münaqişə yaşanıb.
Nəticədə “Vətən” rəsmisi yeniyetmə futbolçuların gözləri önündə rəqibin baş məşqçisinin üzünə “kəllə ataraq” ona ciddi xəsarət yetirib.
Məsələnin izinə düşüb, hadisənin təfərrüatını öyrənməyə çalışdıq.
Məlum oldu ki, ikinci yarıda “Vətən”in ehtiyat oyunçular skamyasında yer alan şəxslərdən biri “Neftçi”nin futbolçusunun ünvanına xoşagəlməz ifadə işlədib.
Bunu eşidən “Neftçi”nin baş məşqçisi futbolçusunu müdafiə etmək məqsədi ilə qarşı tərəfə öz iradını bildirib. Elə həmin an tərəflər arasında başlayan söz atışması yerini əl-qol davasına verib.
Vəziyyətin gərginləşdiyini görən “Vətən”də inzibati işlərlə məşğul olan həmin şəxs kənardan meydana daxil olaraq Ramazanova yaxınlaşıb. Aranı sakitləşdirmək və nəyisə başa salmaq tərzində onu kənara çəkib və qəfil “kəllə” vurub.
İntizam Komitəsinin növbəti iclasında aparılacaq araşdırmadan sonra “Vətən” rəsmisinin adına və cəzasına aydınlıq gələcək.
HƏBİB / SPORTİNFO.AZ