“Yerli futbolçular olaraq hər zaman həm öz aramızda, həm də legionerlərlə rəqabət aparırıq.
Legioner limiti ləğv olunsa da, biz yenə mübarizəni davam etdirəcəyik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Elvin Camalov deyib.
Yarımmüdafiəçi Premyer Liqanın son turunda “Şamaxı” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib və qarşıdakı oyunlar barədə danışıb:
“Şamaxı” ilə oyunda hər iki tərəf istəkli idi. Sadəcə, daha çox istəyən qalib gələcəkdi və biz qazandıq.
Çoxdan qələbə qazana bilmirdik, turnir cədvəlinin aşağı yerlərindəyik. Bu 3 xal bizə motivasiya baxımından əlavə stimul verdi.
Düşünürəm ki, Azərbaycan kubokunda bizi çətin oyunlar gözləyir. Bütün rəqiblər ciddi hazırlaşır.
Amma kim daha çox istəkli olub, döyüşkən futbol sərgiləyəcəksə, o, uğur qazanacaq.
Əlimizdən gələni edəcəyik ki, kubok oyunlarında azarkeşlərimizi sevindirək”.