COP29

“Neftçi” ümidləndirdi, fəqət… Abasov bu legionerləri yola salmalıdır!

12:20 Neftçi 689
“Neftçi” ümidləndirdi, fəqət… Abasov bu legionerləri yola salmalıdır!

Bu mövsüm «Şamaxı» ilə üçüncü dəfə qarşılaşan «Neftçi» ilk qələbəsini əldə etdi.

Samir Abasovun çöhrəsini Emin Mahmudov güldürdü.

Keçmiş kapitan təcrübəsi ilə heç nədən qazandığı penaltini qola çevirməklə, matçın taleyini müəyyənləşdirdi.

«Neftçi» matça yaxşı başlamadı. Birinci yarımsaatın tamamına qədər nə iləsə yadda qalmadılar.

Üstünlük «Şamaxı» tərəfdə idi, kənardan isə yalnız Samir Abasovun qışqırığı eşidilirdi. Sanki futbolçuları onu eşitmirdi, çoxlu səhvlərə yol verirdilər.

Müdafiədə böyük «dəliklər» tapan qonaqların fərqlənməsinə gah Rza Cəfərov, gah Höccət Haqverdi, gah da Elvin Camalov son anda mane oldu.

Bu, ev sahibləri üçün görünməmiş «bəxşiş» sayılmalıdır. «Şamaxı» oyunun bu bölümündə hesabı açsaydı, bilmək olmazdı, «Neftçi» özünə gələ, onlara cavab verə biləcək, ya yox.

Fasilə öncəsi yuxudan dik atıldılar. Mahmudovun göydəndüşmə penaltisi ilə oyunun gedişatını dəyişdilər. İkinci hissədə isə «Neftçi» ən azından hesabı qorumaq üçün mübarizə apardı.

Böyük qüvvə ilə müdafiənin qayğısına qaldılar. Gərək deyək: Elvin Camalovun transferi Emin Mahmudovun yükünü azaldıb, bunun müqabilində orta sahənin hərəkətliyi artıb.

Sürətli əks-hücumlar təşkil olundu, qol epizodları sıralandı. Yeqor Boqomoski və digərləri yenə topu qapıya göndərə bilmədi. Elə həmişəki kimi.

İlk yarımsaatla işimiz olmasa, «Neftçi»nin matçı aqressiv və istəkli keçirməsini söyləməliyik. «Araz-Naxçıvan»la qarşılaşma hara, budəfəki oyun hara!

Aradakı fərq - gəzişmədilər, topla sürətli manevrlər etdilər, hər topun üstünə getdilər, rəqibin sərbəst hərəkət traektoriyasını məhdudlaşdırdılar.

Bu, «Neftçi» azarkeşinin görmək istədiyi, amma indiyədək görə bilmədiyi komandanın siluetidir. Bakılı fanat da, Samir Abasov da hələ bir müddət gözləməli olacaq.

Daha diri, daha vuruşqan, daha sanballı «Neftçi»ni izləmək üçün nə qədər vaxt gərəkdiyini baş məşqçinin özü yaxşı bilir.

Biz yalnız təxmin edirik: yay. Hər oyunda «bir nömrə» olaraq çıxış etmək üçün Abasov əksər legionerləri iyun ayında yola salmalıdır.

Ona qədər komandanın oyununda eniş də olacaq, yüksəliş də, amma sabitlik olmayacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti