Təqdim etdiyimiz video “Araz-Naxçıvan”la “Neftçi” arasında baş tutan oyundan 10 dəqiqə əvvəl çəkilib.
Bura soyuq qış günündə, Xəzər dənizinin sahilində yerləşən Mərdakandakı “Liv Bona Dea Arena”dır.
Kiməsə xahiş etsən ki, betonun üstündə ayaq üstə yarım saat dayan, sənə “dəli” damğası vurub, “işinlə məşğul ol” deyər.
Ancaq bu azarkeşlər “dəli” adı ilə çoxdan barışıblar Onlar “Neftçi”nin adı naminə hər cür dəliliyə “hə” deyiblər. Nə soyuq bilirlər, nə isti, nə də məsafə.
Mərdəkana da oyunun startından xeyli əvvəl təşrif buyurub, yerlərini bərkitmişdilər. Sayları 100-dən artıq olardı, az olmazdı.
Futbolçular isinmə hərəkətlərini yerinə yetirən andan 90 dəqiqənin tamamına qədər oturmaq və susmaq bilmədən “ağ-qaralar”ı dəstəklədilər. İkinci hissədə rəqib qapıçı Kristian Avrama təzyiq göstərməyi də özlərinə borc bildilər ki, təki “Neftçi” istəyinə çatsın.
Arenanın digər sektorlarına diqqətlə baxın. Demək olar heç kim yoxdur. Yalnız “Araz-Naxçıvan”ın bir qrup fanatları gözə dəyir ki, onların sayı da 10 nəfərdən artıq deyildi.
Bu cür cəfakeş tərəfdarların arxasında dayandığı “Neftçi”nin futbolçularının əksəri meydanda ayaq sürüməklə Premyer Liqada ikinci mövsümünü keçirən “Araz-Naxçıvan”a məğlubiyyətlə rahat şəkildə barışdılar.
Bu video “Neftçi”nin baş məşqçisi Samir Abasov üçündür. Təcrübəli çalışdırıcı “Şamaxı”yla oyundan əvvəlki iclasların birində təqdim etdiyimiz əyani materialı futbolçulara göstərməli, yuxarıda yazılanları futbolçularına çatdırmalıdır.
Bəlkə bu yolla futbolçu üçün vacib amilin müqavilədəki maaş rəqəmləri yox, meydandakı əzmkarlıq, məsuliyyət və mərdlik olduğunu sübut etmək mümkün olar. Bəlkə...
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN