“Neftçi”nin məşqçilər korpusunda yeni təyinat olub.
Klubun mətbuat xidməti saytımızın yanvarın 19-da yaydığı xəbəri doğrulayıb (https://www.sportinfo.az/idman_xeberleri/neftci/212418.html).
Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Bu, rumıniyalının “ağ-qaralar“ın düşərgəsinə ikinci gəlişidir. O, 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.
Merişanunu Azərbaycana qayıtarmaq heç də asanlıqla baş verməyib. Son vaxtları Səudiyyə Ərəbistanında keçirmiş rumın bir neçə təklifin içində «üzüb».
«Neftçi»nin maliyyə şərtləri onların arasında ən aşağı olub.
Bununla belə, mütəxəssis köhnə xatirələri təzələmək, burada münasibət qurduğu şəxslərə hörmətindən dolayı Bakıya dönməyə razılıq verib. Maddi yöndə paytaxt təmsilçisinə xeyli güzəştə gedib.
O, “Neftçi”dən başqa, Rumıniyanın “Poltexnika Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.
SPORTİNFO.AZ