“Neftçi”nin yeni transferi Ryonosuke Ohori Azərbaycan Premyer Liqasında meydana çıxan üçüncü yapın futbolçu kimi tarixə düşdü.
Ona qədər dünya şəhrətli Keysuke Honda elə həmin “Neftçi”nin, Masaki Murata isə “Sumqayıt”ın formasını geyinmişdi.
Ohori Azərbaycana gəlməmişdən əvvəl ölkəmiz və futbolumuz haqda məlumatlar toplayanda, Yaponiya millisinin sabiq kapitanının “ağ-qaralar”ın şərəfini qoruduğunu öyrənib.
24 yaşlı yaponiyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Neftçi” köklü klubdur. Bilirəm ki, avrokuboklarda çıxış edib, ölkə çempionluqlarını bayram edib.
Mən də gələcək uğurlarda pay sahibi olmaq istəyirəm.
Keysuke Honda? Yaponiyada onu tanımayan yoxdur.
Honda “Neftçi”nin şərəfini qoruyub, qollar vurub və komandanın çempionluğunda pay sahibi olub.
Bu faktı biləndə, mənə çox maraqlı gəldi. “Neftçi”nin uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Futbolçu karyerasını bir neçə ay əvvəl başa vuran “Milan”ın sabiq yarımmüdafiəçisi 2020/21 mövsümünün ikinci yarısında “ağ-qaralar”ın heyətində meydana çıxdığı 7 oyunda 2 qolla yadda qalıb.
HƏBİB