“Neftçi” Premyer Liqanın 19-cu turunda qələbəyə həsrət qaldı.
İlk hissəyə üstün başlayan, bir neçə qol epizodu yaradan bakılılar “çərçivə”yə düşə bilməyincə, “Sabah” istəyinə çatdı.
Lakin çox keçmədən hesab bərabərləşdi.
Gərgin keçən qarşılaşmanın yekununda komandalar meydanı hərəyə 1 xalla tərk etdi.
Sportinfo.az-a danışan monteneqrolu yarımmüsafiəçi Edvin Kuç 90 dəqiqəni dəyərləndirib:
“Hazırlıq mərhələsi boyu 3 xala köklənmişdik. Məqsədimiz qış fasiləsindən sonrakı ilk matçı qalib başa vurmaq idi.
Gördüyünüz kimi, buna nail olmaq üçün meydanda hər şey edirdik. Lakin 1:1 qaçılmaz oldu.
“Sabah”dan yaxşı oynadığımızı düşünürəm. Belə olduğu halda qələbə qazanmalıydıq.
Futbol belədir, lazım olan anda qol vurmayanda, bəzən sonluq fərqli olur. Əsas odur ki, yaxşıya doğru gedirik”.
“Sabah”la heç-heçədən sonra xalların sayını 18-ə yüksəldən “Neftçi” 7-ci pillədə qərarlaşıb.
HƏBİB