Həftələrdir böyük maraqla gözlənilən oyun bazar günü “Neftçi Arena”da baş tutacaq.
Premyer Liqada işləri yolunda getməyən “Neftçi” Vasili Berezutskinin təyinatından sonra “dirilən” “Sabah”ı qonaq edəcək.
İndiki məqamda böyük əksəriyyət “ağ-qaralar”ın çıxışını səbrsizliklə izləyir. Mark Tamaş və Kilan Lebon kimi əcnəbilərlə yollarını ayıran bakılılar yalnız yapon Ryonosuke Ohori ilə güclənib. Yeni heyət baxımından ciddi dəyişiklik nəzərə çarpmır.
Üstəlik, “Sabah”dan fərqli olaraq “Neftçi” qış fasiləsində yoldaşlıq görüşü keçirməyib ki, baş məşqçi Samir Abasov 15 gün ərzində əsas diqqəti taktiki-texniki çalışmalara ayırıb.
“Tələbələr” mövsümün ilk dövrəsində məhz bu arenada rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. O dönəmdə baş məşqçinin Roman Qriqorçuk olduğunu xatırlatmaq yerinə düşər.
Samir Abasovun rəhbərliyi altında baş tutan matçda isə komandalar “Bank Respublika Arena”da qolsuz bərabərliyə razılaşmışdı.
Söhbət bu iki komandadan gedirsə, ötən mövsümün sonuncu turunda yaşanan olayı xatırlatmaq mütləqdir.
Avrokuboklara sonuncu vəsiqə uğrunda yarıışan “Neftçi”ylə “Sabah”ın məhz “Neftçi Arena”da gerçəkləşən qarşılaşmasında Namiq Ələsgərovun vurduğu qol Masazırı təmsil edən kollektivi Konfrans Liqasına daşımış, “Neftçi” isə mövsümü uğursuz başa vurmuşdu. Nəticədə Miodraq Bojoviçlə yollar ayrılmışdı.
Yeri gəlmişkən, “Neftçi”ylə “Sabah” arasında sözügedən arenada gerçəkləşən son 3 oyunun hamısında qələbəyə sevinən tərəf “tələbələr” olub. “Ağ-qaralar” “Neftçi Arena”da bu rəqib üzərində sonuncu qalibiyyəti 2023-cü ilin mayında bayram edib.
Maraqlıdır ki, paytaxt təmsilçisi o gündən bu yana, yəni düz 20 aydır “Sabah”ı uda bilmir. 6 oyunun 3-də “tələbələr” qalib gəlib, digər 3 matç heç-heçə başa çatıb.
Odur ki, yanvarın 19-da reallaşacaq maraqlı qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ