Xəbər verdiyimiz kimi, macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşan “Neftçi” daha bir legionerinə “gəl, müqaviləni pozaq“ təklifi edib.
Paytaxt təmsilçisi Ervin Koffi ilə yollarını ayırmaq fikrində qətidir.
Çünki Samir Abasov fransalını heç bir halda öz sərəncamında görmək istəmir. Baş məşqçi iyunda kontraktı bitəcək müdafiəçiyə şans verməyəcəyi barədə xəbərdarlıq edib.
Odur ki, rəsmilər 28 yaşlı sağ cinah oyunçusu ilə danışıqlar masası arxasına əyləşib. Ayrılıq xəbəri hər an açıqlana bilər.
Koffi «Neftçi»dən getsə belə, Azərbaycandan getməyəcək. O, «Neftçi» rəhbərliyi ilə yanaşı, «Kəpəz»lə danışıqlar aparır.
Fransız Gəncə təmsilçisinin nümayəndələri ilə 5 aylıq müqavilə şərtlərini masaya yatırıb.
2023-cü ilin iyulunda ölkəmizə təşrif buyurmsuş Koffi həmin vaxt 2 illik müqavilə bağlayıb.
O, Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos”da (Nikosiya, 2020) çıxış edib.
Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.
SPORTİNFO.AZ