Ukrayna mətbuatı Roman Qriqorçukun LNZ-nin baş məşqçisi postuna təyinatını şərh edərkən onun oktyabrda istefaya göndərildiyi "Neftçi"dəki uğursuz iş dövrünü qeyd edib.
Sportinfo.az xəbər verir ki, "Sport.ua" portalı ukraynalı mütəxəssisin karyerasında eniş getməsindən yazıb:
"Roman İosifoviç hələ yayda LNZ-nin baş məşqçisi vəzifəsinə namizədlərdən biri idi. Bu rəqabətdə Karraskoya uduzması, yoxsa özünün Azərbaycana pul qazanmaq üçün getməsi müəmmalı olaraq qalacaq.
Mövsümün ilk hissəsində Qriqorçuk “Neftçi”də çalışdı. Azərbaycan çempionatına qayıdışı uğursuz alındı. Nəticə olmadı, məşqçini işdən çıxardılar.
Qriqorçuk artıq məşqçi kimi zirvəsini çoxdan keçib. Onun karyerası tənəzzüldədir. Azərbaycan, Qazaxıstan, daha sonra Belarus klubları ilə işlədi.
“Astana” və “Şaxtyor”da(Soliqorsk) klub rəhbərləri ilə ziddiyyətlər yaranıb. Roman İosifoviçə son vaxtlarda heç bir ciddi dəvəti olmadı".