"Sumqayıt"dan ayrılan Cordan Rezabalanın karyerasını yenidən ölkəmizdə davam etdirmək istəyi düyünə düşüb.
Buna səbəb ekvadorlu legionerin şəxsi həyatındakı problemdir.
Elə "Sumqayıt"la birdəfəlik vidalaşmasının kökündə də bu durur.
Orta sahə oyunçusu problemin həllinə nail olmasa, karyerasına vətənində davam edəcək.
"Kimyaçılar"la müqaviləsi bitən Rezabalanın xidmətində "Neftçi" maraqlıdır.
Futbolçu "Sumqayıt"a "yox" desə də, "Neftçi"dən aldığı təklifə isti yanaşıb.
O, Samir Abasovla söhbətdə birgə işləməkdə maraqlı olduğunu etiraf edib.
Və söz verib ki, Azərbaycana qayıdası olsa, ilk seçimi "ağ qaralar" olacaq.
Ekvadorda “İndependyente”nin yetirməsi olan Cordan Rezabala bura yerli “Quayakil Siti”dən gəlib.
O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.
23 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında "Sumqayıt"a təşrif buyurub və forma geyindiyi 30 matçda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ