Yeqor Boqomolski son illər "Neftçi"də ən çox tənqid olunan futbolçulardan biridir.
Bəlkə də birincisi.
Amma bu gün "ağ qaralar"ın əsas heyət üzvünə çevrilib.
Hər halda, son iki turda start heyətində meydana çıxması belə düşünməyə əsas verir.
Məncə, Belaruslu forvardın baş məşqçidən şans alması əla performansını ilə bağlı deyil.
Samir Abasovun çarəsizliyinin dirənən nöqtəsidir.
Görün, hər ay külli miqdarda maaş alan Ramil Şeydayev nə gündədir ki, Yeqor Boqomolski ondan yararlı hesab olunur.
Abasovu qınamaq da olmur. Hətta ikinci yarıda meydana daxil olan millimiz üzvünə baxanda adam utanır.
Sanki axşama kimi hardasa ağır yük daşıyıb, fəhləlik edib və ardınca "Neftçi" formasında meydana çıxıb.
Top rəftarı yox, fiziki durum sıfır. Üstün cəhəti varmı ki, sayasan?
Belaruslu ən azından mübarizə aparır, nəsə etməyə çalışır. Ramilin nə etmək istədiyini isə özü də bilmir.
Özündən, aldığı puldan utanmayan Ramil bəlkə Boqomolskidən utana.
Onun adını start heyətdə, özünü isə ehtiyat skamiyada görəndə gizlənə, girməyə yer axtara.
Təkcə bu mənzərə bugünkü "Neftçi"nin nə qədər bərbad durumda olmasını görmək üçün yetərli deyilmi?
XANOĞLAN/ SPORTİNFO.AZ