«Neftçi» iki turluq məğlubiyyətdən sonra Premyer Liqaya qələbə ilə döndü.
Derbidə «Kəpəz»ə qalib gəldilər.
Həm belə demək olar, həm də olmaz.
«Qalibi mühakimə etməzlər» yanaşmasını bura aid eləməyək.
Deməliyik ki, «Kəpəz» özü-özünü məğlub etdi. müdafiədə yol verilən iki kobud səhv «Neftçi»yə 3 xal qazandırdı.
Yaxşı ki, Samir Abasov həqiqəti danmadı. Bizim gördüklərimizi onun dilindən eşitmək bir az qəribə səslənsə də, «Neftçi»nin baş məşqçisi gerçəyi gizlətməyi özünə ar saydı.
Düz hər yerdə düzdür, əyri onu kəsməz. Abasov «psixoloji durumumuz pisdir» etirafıyla, əslində, özünü qorudu.
Problemlər mövzusuna daha dərindən baş vursaydı, mütləq başqa mətləbərə toxunmalı idi, bu sözü dilə gətirməklə, hər şeyi qışdan sonraya saxladı.
Bəli, həmin vaxt «Neftçi»nin düşərgəsində canlanma müşahidə edəcəyik. İnanın, yönətim bu dəqiqə Abasova söyləsə ki, kimi istəmirsən, komandadan uzaqlaşdır, 2-3 nəfəri saxlayar, qalanlarını «uf» demədən qovar.
Bir futbolçunun göz yaşına, müqavilə müddətinə, aldığı, alacağı pula buaxmaz. Onlardan o qədər narazıdır yəni.
Abasova imkan yaradılsa, «Neftçi»ni 5-10 günün içində söküb-yığar. Hiss olunur, özünü güclə ələ alır, hirsini içinə tökür, danışa bilmir amma.
İki aydır vurnuxur, komandanı bir yerə çıxarammır, bu isə təbii ki, yalnız psixoloji gərginliklə bağlı deyil.
Yerli və legionerlərin səviyyəsi klubun iddiaları ilə ayaqlaşmır, seleksiya səhv istiqamətdə aparılıb. Abasov onların adlarını hələlik çəkəmmir, içi özünü yandırır, çölü özgələrini.
MUSA