“Neftçi”nin baş məşqçisi Samir Abasovun başı dərddən açılmır.
Ötən həftə “Sumqayıt”a məğlub olan “ağ-qaralar” bazar günü “Kəpəz”lə qarşılaşacaq.
Bakılılar meydana ciddi itkilərlə çıxacaq.
Xeyli vaxtdır zədəsinin müalicəsi ilə məşğul olan Emin Mahmudov hələ də kollektiv çalışmalara qoşulmayıb.
“Sumqayıt”la qarşılaşmada zədələnərək meydanı vaxtından əvvəl tərk edən Robert Bauer üçün il başa çatıb. Almaniyalı müdafiəçidə ikinci dərəcəli əzələ dartılması aşkarlanıb.
Həmin oyunda xəsarət alaraq əvəzlənən Rafael Quzzo ilə Rəhman Hacıyevdə də əzələ dartılmasının olması üzə çıxıb. Bu futbolçular da “Kəpəz”lə görüşü kənardan izləyəcək.
Əməliyyatdan sonra fərdi məşqlərlə kifayətlənən Azər Salahlı bu həftədən etibarən komanda ilə çalışmalara start verib. Lakin hələ ki, meydana çıxaraq tam gücü ilə mübarizə aparmaq gücündə deyil.
Beləliklə, “Neftçi” Gəncə təmsilçisi ilə duelə birdən-birə 5 itki ilə çıxacaq.
Dekabrın 15-də “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ