«Neftçi»nin baş məşqçisi Samir Abasovun «qara siyahı»sı hər həftə genişlənməkdədir.
Oktyabrın əvvəlində «ağ-qaralar»ın sükanı arxasasına qayıdan mütəxəssis son olaraq burada bir ad da əlavə edib.
O, Yuri Matiasdan üz döndərib. Təcrübəli çalışdırıcı braziliyalı müdafiəçinin səhvlərindən bezib. Cənubi amerikalı legionerin Azərbaycan derbisində yol verdiyi xətalar Abasovun səbr kasasını daşırıb.
«Qarabağ»ın 3:0 hesabıyla qələbə qazandığı matçda bir neçə ciddi yanlışı ilə diqqət mərkəzinə düşən «sambaçı»nın üstündən qara xətt çəkən baş məşqçi onunla bağlı klub funksionerinə şikayətini çatdırıb.
Bildirib ki, Matias komandanın ən zəif fiqurlarından biridir, arxa zonada ona etibar etmək olmaz. 2021-ci ildə «Neftçi»ni çempionluq taxtına əyləşdirmiş çalışdırıcı Yurinin müqaviləsinə xitam verilməsi üzərində işlənilməsini istəyib.
“Neftçi” brazhiliyalını 2023-cü ilin iyulunda sıralarına qatıb. Onunla 2 illik müqavilə bağlanıb.
29 yaşlı mərkəz müdafiəçisi Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və ÇFR (2022-2023) klublarında çıxış edib.
2021/2022 mövsümündə ÇFR-lə Rumıniya çempionu olub.
SPORTİNFO.AZ