COP29

Sumqayıt RƏZALƏTİ!

17:45 Neftçi 582
Sumqayıt RƏZALƏTİ!

"Neftçi" bu mövsüm Samir Abasovun rəhbərliyi altında ən pis oyununu Sumqayıtda keçirdi.

Bəli, "kimyaçılar"la görüşdə Samir Abasovun orta xətdə Emin Mahmudov, Edvin Kuç və müdafiədə Yuri Matias kimi ciddi itkiləri vardı. Filip Ozobiç isə narahatlıq hiss etdiyi üçün ehtiyatda qalmışdı.

Amma bu da 3 milyon manatlıq dövlət dotasiyasının ümidinə qalan bir rəqibə məğlub olmağa bəraət qazandıra bilməz.

Özü də belə vecsiz formada.

Futbolçunun idmançı qüruru deyilən bir şey var. Gərək məğlub olanda da həmin qüruru itirməyəsən.

Dünən "ağ qaralar"ın meydana çıxan futbolçularının böyük əksəriyyəti sanki o qüruru paltardəyişmə otağında unutmuşdu.

"Neftçi"nin şərəfini qoruyan futbolçu bu qədər ötürmə xətasına yola verməməlidir.

Bu klubun şərəfini qoruyan futbolçu ştoqrinvari qapıya zərbə vurmalı deyil.

Az qala Mustafa Sekin aldığı pula Cordan Rezabalanı ömürlük "Neftçi"yə gətirmək olar.

Kağız üzərində mənzərə belədir.

Amma ekvadorlu yarımmüdafiəçi meydanda başqa şeylər göstərdi.

Məsələn, onun ikinci qolda vurduğu zərbə yox ha, zərbədən əvvəl ortaya qoyduğu mübarizə ruhu Sekdən dəyərli idi.

0:2 uduzan "Neftçi"nin futbolçuları rəqibini meydanın mərkəzdə qarşılayırdı. Bunun adı qorxaqlıq, cəsarətsizlik, rəzalətdir. Belə cılız futbolçuların yeri "Neftçi" ola bilməz.

Bu adamları "Neftçi"yə gətirənlərin baxan gözü olmasına şübhə edirəm. Bir futbolçunun texnikası zəif, sürəti aşağı, boyu balaca ola bilər. Bəs xarakterə nə söz? Axı "Neftçi"yə oyunçu seçəndə ilk baxılmalı məqam bu olmalıdır.

Dünən aşkar göründü ki, "Neftçi"nin verdiyi maaş, yedirdiyi yemək, saxladığı şərait bu gün klubda olan futbolçuların əksəriyyətinin əyninə çox böyükdür.

Rəhbərlik indidən qış fasiləsi üçün "Neftçi" razmerində oyunçuların axtarışına çıxa bilər. Təbii ki, öncə bezrazmerləri qovmaq şərtilə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 19:30 "Məğlubiyyətlər olacaq"