Samir Abasovun "Neftçi"dəki ikinci dönəmi də pis alınmır.
İlk 9 turda qələbə üzünə həsrət qalan "Neftçi" təcrübəli mütəxəssisin başçılığı altında meydana çıxdığı 5-ci görüşdə ikinci qələbəsini aktivinə yazdıra bildi.
Digər 3 matçda 2 bərabərlik qeydə alınıbsa, 1 oyunda məğlubiyyət qaçılmaz olub.
Qalaq-qalaq problemlərin yığıldığı komanda ilə belə sıçrayış səhrada su tapmaq qədər çətindir.
Abasov bu gün ən çətin günlərdən keçir.
O, poblemləri çözməklə paralel, xallar qazanmaq işinin öhdəsindən də məharətlə gəlir.
Bura "Neftçi"dir. Kimsə səni gözləmir ki, sistemini qur, nöqsanları aradan qaldır, sonra qələbələr qazanar, xallar yığarsan.
Abasov da bunu gözəl anlayır.
Düzdü, ciddi sıçrayış yoxdur. Məsələn, "Neftçi" adı hələ də turnir cədvəlinin 8-ci pilləsində ilişib qalıb.
Amma tərpənişi görməmək mümkün deyil. Bu baxımdan "Zirə" ilə 6 xallıq oyunu qazanmaq yerinə düşdü.
"Səbail"lə ilk matçdakı qələbə təsadüfə, "Sabah"la səfər oyunundakı bərabərlik şansa bağlana bilər.
Amma "qartallar" üzərindəki önəmli 3 xal hamısını kölgədə qoydu.
"Neftçi"nin 6 xallıq oyunları hələ qarşıda çox var.
Yuxarı pillələrə yüksəlmək yolunda məhz o görüşlər həlledici olacaq.
XANOĞLAN İMANOV