“Neftçi”nin portuqaliyalı yarımmüdafiəçisi Rafael Quzzo Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 14-cü turunda “Zirə”ni 2:1 udduz. 3 oyundan sonra əldə olunan qələbənin ləzzəti başqadır yəqin.
- Mənə ən çox xoş olan məşqlərdə çalışdığımız bir çox elementləri meydanda tətbiq etməyimiz idi. Və bu qələbəni təsadüfən yox, məhz öz oyunumuzu sərgiləməklə əldə etdik. Döyüşdük, vacib qollar vurduq, əlavə bir neçə qol imkanı da yaxaladıq.
- Əsl “Neftçi” qayıdır?
- Bu, hər birimizin arzusudur. Onsuz da “Neftçi”nin adının hansı məna verdiyini sübut etmək üçün oynayırıq. Qələbənin davamını gətirmək üçün çalışacağıq.
- Növbəti rəqibinizin “Qarabağ” olması əhvalınızı korlayır? Ki, başqa rəqib olsaydı, qələbənin davamını gətirmək ehtimalı çoxalardı.
- Bütün komandalara qarşı oynamalıyıq, o cümlədən “Qarabağ”a qarşı. Rəqibin adından çəkinsək, heç nə edə bilmərik. Ona görə də heç nəyi düşünmədən növbəti görüşə hazırlaşacağıq. “Zirə”yə qarşı oynadığımız kimi mübarizə aparsaq, hər şey yaxşı olacaq.
- Azarkeşlər “Neftçi”yə böyük ümidlər bəsləyir. Mövsümün sonunda onlara hansı hədiyyəni planlaşdırırsınız?
- Fanatlarımıza həqiqətən “çox sağ olun” demək istəyirəm. Çempionat başlayandan cəmi iki qələbə qazanmışıq. Buna baxmayaraq, hər oyunda stadiona gəlir, bizi dəstəkləyirlər. Bu gün də möhtəşəm ab-hava yaratmışdılar. Onları titulla sevindirmək üçün əlimizdən gələni edəcəyik.
HƏBİB