“Neftçi”nin braziliyalı hücumçusu Andre Şinyaşiki zədəsini sağaltmaqla məşğuldur.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard ölkəsinin mətbuatına açıqlamasında zədəli olduğu zaman özünü yaxşı hiss etmədiyini bildirib.
O, futbol oynamağı sevdiyini vurğulayıb: “Oynaya bilməmək istənilən futbolçuya narahatlıq gətirir. İdmançıların əksəriyyəti işini sevir. Ona görə də zədə və ya cəza bizi əsəbi vəziyyətdə qoyur. Mən öz işimi yerinə yetirə bildiyim üçün xoşbəxtəm”.
Şinyaşiki gələcək arzularından da bəhs edib. “Sambaçı” ölkəsində çıxış etməyin xəyallarını qurur: “2014-cü ildəki dünya çempionatından sonra Braziliya stadionları çox inkişaf etdi. Digərləri artıq qlobal arena trendinə uyğun olaraq tikilib. Məsələn, mənim Braziliya çempionatında mübarizə aparmaq və yenidən qurulan “Marakana”da oynamaq imkanım hələ olmayıb. Ümid edirəm ki, belə bir fürsətim olacaq”.
Andre Şinyaşiki ötən ilin yayından “Neftçi”də çıxış edir.