COP29

Samir Abasovu pis vəziyyətdə qoyan – Bundan xəbəriniz var?

12 Noyabr 20:40 Neftçi 2 721
Samir Abasovu pis vəziyyətdə qoyan – Bundan xəbəriniz var?

“Neftçi”nin baş məşqçi postunda Roman Qriqorçuku əvəzləyən Samir Abasov indi daş atıb baş tutur ki, mən hara gəlmişəm?

Sumqayıtdan baxanda Bakıda hər şey yaxşı, rahat və asan görünürdü.

Pul, şərait, ad-san, imic – hər şey var axı. Fikirləşirdi ki, xilaskar rolunu məharətlə yerinə yetirmək üçün qısa zamana ehtiyac var.

Debüt oyununda “ağ-qaralar” yarımcan “Səbail”i uddu, sonra xoş günlərindən uzaq düşən “Sabah”la bərabərə qaldı, 12-ci turda rəqib tanımayan “Araz-Naxçıvan”a boyun əydi, ötən həftə ən zəif büdcəli iki komandadan biri olan “Şamaxı”yla bərabərə qaldı.

Abasovun xarakteri, zəhmi, təcrübəsi və yaxın keçmişdə “Neftçi”nin şinelindən çıxması kimi faktlar indi heç nəyi dəyişmir. Hücumçular qol imkanlarını boşa verir, yarımmüdafiəçilər ayaq sürüyür, arxa xətdəkilərin səhvləri sıralanır. Bu komanda ilə uğura çatmaq mümkün deyil!

Ancaq nə olsun? Samir bəyin dəyişə biləcəyi nəsə var? Ən azından qışda komandanın nisbətən gücləndirilməsi yönündə nəsə edə bilər?

Komandanın cari mövsüm üçün transfer limiti çoxdan dolub. Yayda Avropanın müxtəlif yerlərindən cəlb olunan yerli və əcnəbi futbolçuların hesabına 9 futbolçu cəlb olunub. Hamısı ilə uzun müddətli müqavilə imzalanıb.

Yanvarda gedən(lər) yoxdur ki, yerinə kim(lər)isə gətirəsən. Sponsora ağız açmaq üçün də üz qalmayıb. Bütün şanslardan yayda istifadə olunub.

Ən yaxşı halda gələn ilin yayına bel bağlamaq olar ki, həmin vaxt Yuri Matias, Mark Tamaş, Ervin Koffi, Kilan Lebon, Andre Şinyaşiki, Yeqor Boqomolski kimi əcnəbilərlə, Filip Ozobiç və Höccət Haqverdi kimi milli legionerlərlə müqavilə başa çatacaq.

Lakin əksəriyyətin 2026, hətta 2027-ci ilə qədər “Neftçi”nin formasını geyinmək hüququ var. Roman Qriqorçukun dönəmində bağlanan uzun müddətli anlaşmalar klubun “belini qırıb”.

Robert Bauer – 2027-ci il, iyun

Mustafa Sek – 2027-ci il, iyun

Edvin Kuç – 2027-ci il, iyun

Andrey Ştoqrin – 2027-ci il, iyun

Alfa Konte – 2027-ci il, iyun

Dembo Darbo – 2026-cı il, iyun

Rafael Quzzo – 2026-cı il, iyun

İndi Samir Abasov başını qaşıya-qaşıya bir Quzzoya, bir Bauerə, bir Darboya, bir Ştoqrinə, bir Kuça, bir də müqavilə sənədindəki rəqəmlərə baxıb dərindən köks ötürür ki, mən bunlarla nə edəcəyəm?

Necə deyərlər, gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar.

“Neftçi” rəhbərliyi kisənin ağzını açıb, lazımsızları təzminat hesabına buradan göndərməsə, yaxın 2-3 il ərzində komandanın titul qazanması çox-çox çətin görünür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!