«Neftçi» artıq Samir Abasovla iki oyuna çıxıb. «Səbail»lə qarşı debüt uğurlu alındı, 3:1 qazandılar.
«Sabah»a uduzmadılar. Köhnə-yeni baş məşqçinin əsas istəyi də elə bu idi. O. ilk həftələrdə xal və ya xallar qazanmaq arzusundadır, bunun üçün bütün mümkün yolları/vasitələri məqbul hiss edir.
«Səbail» önündəki «Neftçi»ni Masazırda izləmədik. Gözümüzün qabağında bir qədər fərqli - rəqibdən çəkingən, ürəklə irəli atılmayan, daha çox qapının toxunulmazlığı qayğısına qalan komanda var idi. Bu, Abbasovun belə tezliklə məğlubiyyətlə üzləşmək narahatlığından irəli gəlirdi.
Samir bəy bunu nəvaxtadək bacaracaq, görəcəyik. Görməsi vacib işlər çoxdur, ələlxüsus iki problemin öhdəsindən tezbazar gəlməlidir.
BİR: Roman Qriqorçukun bütün statuslarını əlindən aldığı, hətta son həftələrdə 1 dəqiqə şans vermədiyi Emin Mahmdovu tam mənada qazanmaq. Keçmiş kapitan aylardır başı üzərində dolaşan qara buludların ondan uzaqlaşdığını görüb, əvvəlki formasını bərpa eləməlidir ki, «Neftçi» yaxşı və sabit oynasın. Yarımmüdafiəçi nə vaxt özünü beyin olaraq toparlasa və meydanda tapsa, Samir Abasov da həmin gecə rahat yatacaq.
İKİ: Müdafiə zonası xalq təndirxanasına bənzəyir. Hər gələn bu təndirdə çörək yapır. Belə olmaz, qəti. «Sabah»ın qaçırdığı qol epizodlarını bir-bir yada salanda, Samir Abasovun halına acıyırsan. Coy-Lens Mikelsin 1 metr məsafədən qapıdan keçirə bilmədiyi fraqment, Jesse Sekidikanın boşa verdiyi penalti və digər təhlükəli anlar «Neftçi»nin baş məşqçisini dərindən, lap dərindən düşündürməlidir.
MUSA