Roman Qriqorçukun rəhbərliyi dönəmində Premyer Liqada 9 oyunda 5 xal toplamağa nail olan “Neftçi”də üzlər gülür.
Samir Abasovun gəlişindən sonra komanda 2 oyunda aktivinə 4 xal yazdırmağı bacarıb. “Səbail”i məğlub edib (3:1), “Sabah”la qolsuz bərabərə qalan “ağ-qaralar” üçün yaxın gələcək işıqlı görünür.
İş burasındadır ki, “Neftçi” növbəti 4 oyunun hamısını doğma meydanda keçirəcək. Bundan yaxşı imkan?
Noyabrın 1-də “Neftçi Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək bakılılar növbəti həftə adıçəkilən stadionda “Şamaxı” ilə üz-üzə gələcək.
Milli komandaların oyunları ilə bağlı çempionatda yaranacaq iki həftəlik fasilədən dərhal sonra isə doğma azarkeşlərinin gözləri önündə “Zirə”ni qəbul edəcək. Noyabr ayına təsadüf edəcək sonuncu qarşılaşmadakı rəqib isə “Qarabağ”dır.
Göründüyü kimi, “ağ-qaralar”ın qarşılaşacağı 4 komandadan 3-ü – “Qarabağ”, “Araz-Naxçıvan” və “Zirə” avrokuboklara iddiaçılardı. Başqa cür desək, medallar uğrunda əsas rəqiblər.
Noyabrda bütün oyunları “Neftçi Arena”da keçirəcək bakılılar bu görüşlərdən 9-10 xalla ayrılmaqla turnir cədvəlindəki mövqeyini əməlli-başlı yaxşılaşdıra bilər.
Avrokubok mübarizəsinə qoşulmaq üçün bir də belə şans ələ düşməyəcək. Sınaqda uğurlu çıxa bilməsələr, günahı özlərində axtarsınlar.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv noyabrın 1-də “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Oyun saat 20:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ