COP29

Samir Abasovun da "Neftçi"yə gəlişi bir işə yaramayacaq... - BÖYÜYƏN MÜBAHİSƏ

17:00 Neftçi 804
Samir Abasovun da "Neftçi"yə gəlişi bir işə yaramayacaq... - BÖYÜYƏN MÜBAHİSƏ

"Neftçi" tarixinin ən ağır günlərini yaşayır.

Arxada qalan 9 turdan sonra aktivində 1 qələbə belə olmayan "ağ qaralar" cəmi 5 xala sevinə bilib.

Və həmin 5 xal turnir cədvəlində yalnız "Kəpəz"i qabaqlamağa imkan verir.

Nə qədər qəribə səslənsə də klubda olanlar bu gün aylardı sürən qələbə həsrətinə son qoymaq barədə yox, daha çox başqa məsələlər barədə düşünür.

Məsələn, kapitanlıq kimi.

Roman Qriqorçukun dönəmində Emin Mahmudov illərdi qolunda daşıdığı sarğıdan məhrum edildi.

Yuxarının sifarişi olduğu aydın idi. Əbəs deyil ki, qərar daxildə müəyyən çəkişmələrə yol açdı.

Samir Abasovun gəlişindən sonra qalmaqal yenidən alovlanıb.

Mahmudovun yenidən bazubəndi taxmasını arzulayanlar çoxluq təşkil edir.

Arasında Şeydayevin ümumiyyətlə klubdan göndərilməsini israr edənlər belə var.

Yuri Matiası kapitanlığa namizəd kimi seçənləri də unutmaq olmaz.

Nə qədər qəribə durumdur elə deyilmi?

Klubun halı acınacaqlı vəziyyətdədir. Amma onu düşdüyü yerdən çıxarmaq məsuliyyətini daşıyanlar kapitanlıq sarğısının arxasınca düşüb.

Kənardakı yersiz münaqişə meydandakı mübarizəni kölgədə qoyur. Həqiqət isə başqa cür olmalıdır.

Məsələn, bu gün "Neftçi"də hər kəs kapitan ruhunda olmalıdır.

Qolunda sarğısı olan da, olmayan da.

Bu gün "ağ qaralar"ın cəbhəsində bütün mübahisəli məqamlar bir kənara qoyulmalı, qələbə andı içilməlidir.

Həftələrdi onun intizarında olan azarkeşə, doğma tribunalara, ağ-qara formaya, keçmişə, bu günə və gələcəyə sayğı olaraq.

Əks halda, "Neftçi"də nə kapitanlığın bir önəmi qalacaq, nə də onu daşıyanın kimliyi.

Heç yeni baş məşqçi Samir Abasovun gəlişi də nəyəsə yaramayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti