COP29

Samir Abasov BU MƏKTUBU oxusa...

16 Oktyabr 21:20 Neftçi 1 607
Samir Abasov BU MƏKTUBU oxusa...

Salam, Samir bəy. Necəsiz?

“Neftçi”ylə yeni müqavilə bağladığınıza görə üzünüzün güldüyünə ümid edir, yeni komandanızla yanaşı, “Sumqayıt”a da uğurlar arzulayıram.

Bilirəm, işləriniz çoxdur, bu dəqiqə saytdakı xəbərlərə göz gəzdirməyə vaxtınız yoxdur. Köməkçiləriniz imkan edən kimi linki sizə atar, oxuyarsız.

Samir bəy, həm maddi, həm də karyera baxımından əlinizə möhtəşəm imkan düşüb. Əksər azərbaycanlı məşqçilərin arzuladığı kreslo artıq altınızdadır. Amma o kreslonun təkərləri xarabdır, deyim, biləsiz. Dala-qabağa çox hərəkət edəndə yanı üstə çevrilir. Laurentsiu Regekampfla Adrian Mutudan sonra Miodraq Bojoviç də kəlləsi üstə düşmüşdü. Bir həftə əvvəl Roman Qriqorçuk boyda adam yıxılıb elə hala qaldı ki.

Kreslonun altınızdan çıxmaması üçün ilk növbədə transferlərə özünüz nəzarət etməlisiz. Yəni, qərar verən adam özünüz olmalısız. Klub rəsmiləri tərəfindən soxuşdurulan keyfiyyətsiz futbolçuların gəlişinə “hə” desəniz, vay halınıza. Futbolçuların keçmişinə, ad-sanına aldanmayın, indiki halına baxın. 100 ölçüb, 1 biçməyiniz mütləqdir.

Azarkeşlərlə korlanan əlaqəni qaydasına salmağa çalışın. Lap elə günü bu gün, bu saat onlarla görüş saatını fikirləşin. 2 il əvvəl “Qəbələ”ylə oyundan sonra işlətdiyiniz ifadələr artıq və lazımsız idi. Əminəm ki, danışdıqlarınıza soyuq başla qulaq asıb, özünüz üçün müəyyən götür-qoylar etmisiz. Uğur və uğursuzluq təqdirində sadəliyinizi itirməyin, özünüzü fanatlardan biri hiss edin, mehriban olun, qaynayıb-qarışın. Bir ayağınız tribunanın qarşısında olsun.

Hə, bir də ki, mətbuat konfranslarında 2021-ci ildəki çempionluğu gözümüzə soxmayın. Bilirik, həmin il “Neftçi”ni 8 illik fasilədən sonra çempion edən məşqçi sizsiz – Samir Ramazan oğlu Abasov. Bunu hamı bilir. Hər dəfə çətinə düşəndə 3 il əvvələ qayıtmağa gərək yoxdur.

Jurnalistlərlə münasibəti səhmanda saxlayın. Hansısa həmkarımın sualı xoş olmaya bilər, bəlkə də yanlış formada soruşar. Buna görə barmaq uzatmaq, lotu prinsipləri ilə danışmaq lazım deyil. Yaşınızın üstünə yaş gəlib, artıq 46-dır. Təmkinli davranın, əsəbinizi belə, yumorla soyutmağa çalışın. Siz ki, bunu yaxşı bacarırsınız.

Nə isə, sizin və “Neftçi”nin ağ günə çıxması üçün etməli olduqlarınızı dedim. Bundan sonrası sizdən asılıdır.

Bir şey də deyim, heç kim görməsin, özünüz oxuyun. Yağın, balın, qaymağın içinə düşmüsüz. Nəticə verməyi bacarsaz, SOCAR-dan Sumqayıtdakı evinizin həyətinə neft borusu çəkiləcək, içindən pullar axacaq, nəvə-nəticələriniz üçün şərait quracaqsınız. Yox, əvvəlki formada davam etsəz, kreslonun təkərləri sizi pis vəziyyətdə qoyacaq.

Hələlik.

Görüşənədək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI