COP29

"Neftçi"nin tələbi, Samir Abasovun vədi...

15 Oktyabr 19:00 Neftçi 4 830
"Neftçi"nin tələbi, Samir Abasovun vədi...

Roman Qriqorçukla yolları ayıran "Neftçi" uzun çək-çevirdən sonra baş məşqçi postuna Samir Abasovu gətirdi.

"Neftçi" azarkeşləri narahatdır. Ki, bu addım doğru, yoxsa yanlışdı deyə.

Məncə, yerində qərardır.

İlk ondan başlayaq ki, Qriqorçukun gedişindən sonra boşalan posta əcnəbi təyinatı kökündən səhv qərar olardı. Çünki istənilən gəlmə məşqçi zaman istəyəcək. Qış fasiləsində yeni heyət arzusuna düşəcək. Sonda da mövsüm uğursuz tamamlansa, mən yarıda gəlmişdim havasını oxuyacaq.

Deməli, yerli məşqçi seçimi həm də məntiqlidir. Ki, ölkəyə, çempionata uyğunlaşmaq üçün vaxt itkisi olmayacaq.

Bəs niyə Samir Abasov?

43 yaşlı mütəxəssisin həmkarlarından bir neçə üstünlüyü var. O, qısa müddət əvvəl "Neftçi"də çalışıb. Klubun mətbəxinə yad adam deyil.

Hə, "Neftçi"dəki idarəçiliklə Abasova çətin olacaq. Amma onu da unutmayaq ki, ayrıldığı "Sumqayıt"da onun günü xan kefində keçməyib. Klub rəhbəri Riad Rəfiyevlə daim gərgin münasibətlər zəminində çalışıb. Bir-birini görməyə gözləri olmayıb. Amma hər şey kənarda qalıb. Meydanda uğur onların yanında olub. Məhdud büdcə, kasad heyət, milyon problemlə komandanı avrokuboklara apara biliblər. Qısası, kənar təsirlərə də müqavimət gücü yox deyil.

Bəs hədəf?

Bu gün "Neftçi" azarkeşi anlamalıdır ki, komanda tarixinin ən ağır günlərini yaşayır. Mən bugünkü "Neftçi"ni sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram. Və problemlər ötən mövsümdən davam edir. Klub yaxşı büdcəyə, geniş heyətə, sanballı futbolçulara rəğmən ötən mövsümü 5-ci pillədə tamamladı. Kubokda da mübarizəni dayandırınca avrokuboklara belə gedə bilməyib.

İndi durub belə gedişatın ardınca Samir Abasovdan çempionluq mübarizəsində olmasını gözləmək sadəcə ağılsızlıqdır. Heç medalçılar sırasına düşmək tələbi də yersizdir.

Əsas məqsəd 5 aydan artıqdır davam edən qələbə həsrətinə son qoymaq, tədricən sonuncu pillədən uzaqlaşıb ilk "dördlüy"ə yaxınlaşmaq olmalıdır. Avrokuboklara vəsiqə qazanmaq isə yeni məşqçinin adına yazılacaq bacarıq sayılacaq.

Hə, növbəti mövsümdən iddialar böyüyə bilər. Hədəf ən azı medalçılar sırasında olmaq, Ölkə Kubokunu qazanmaq götürülməlidir.

"Qarabağ"la başabaş gəlmək?

Məncə, bu kimi populizmi kənara qoysaq daha yaxşıdır. Bu, məşqçilər korpusuna, futbolçu heyətinə əlavə psixoloji yük olar. Hazırkı "Neftçi"də yuxarıdan aşağıya heç kim buna hazır deyil. Ümumiyyətlə, "Qarabağ"la çempionluq mübarizəsində olmaq üçün yaxşı məşqçi, yaxşı heyət də yetərli deyil. Daxildə hər kəs buna hazır olmalıdır. Sonuncu çempionluq? Futbolda belə faktlar barmaq sayı qədərdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti