"Neftçi" baş məşqçi Samir Abasovla anlaşdığını açıqlayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ı bundan sonra "Sumqayıt"dan ayrılan mütəxəssis çalışdıracaq.
S.Abasov bu postda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib.
Bu, onun «Neftçi»yə ikinci gəlişidir. Vaxtilə futbolçu kimi ağ-qara formanı geyinmiş çalışdırıcı 2020-2022-ci illərdə baş məşqçi vəzifəsini tutub.
Paytaxt təmsilçisi son çempionluğunu 2021-ci ildə, onun öndərliyində qazanıb.
«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.
Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.
«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.