“Neftçi” Premyer Liqada 9-cu oyunda qələbə üzünə həsrət qaldı.
Autsayder “Kəpəz”lə səfər qarşılaşmasında bakılıların 3 xal intizarına son qoyacağı gözlənilsə də, əksi yaşandı.
Qərb təmsilçisi meydanı 4:3 hesablı qalibiyyətlə tərk etdi.
Oyun başa çatandan sonra Bakıda Tovuza yollanan “Forza Neftçi”nin üzvləri qan-tər içindəydi. Bir tabloya nəzər salır, bir də meydandakı milyonlarla qiyməti olan futbolçulara baxırdı.
Kapitan sarğısı əlindən alınan və sona qədər ehtiyatda qalan Emin Mahmudov və bir neçə nəfər hakimin final fitindən dərhal sonra paltardəyişmə otağına yollansa da, digər oyunçular tribunanın qarşısına gəlib, azarkeşlərin narazılığını dinləməyi özlərinə borc bildi.
Fanatlarla dialoqa iki nəfər girdi. Biri Ramil Şeydayev, digəri Emil Balayev. Məhz bu ikili narazılıqları eşidərək onları legionerlərə də çatdırmaq öhdəliyini üzərinə götürdü.
Çox keçmədən Ramil komanda yoldaşlarını başına yığıb oradan uzaqlaşdı. Balayev uzun müddət qaldı, danışdı, nələrisə izah etməyə çalışdı.
Görünən odur ki, “Neftçi”də Emin Mahmudov dönəmi başa çatıb. “Ağ-qaralar”ın yeni liderləri var – Ramillə Emil.
HƏBİB / SPORTİNFO.AZ