COP29

Qriqorçukun “Neftçi”dən getməsinin ŞOK SƏBƏBLƏRİ! – Bunlar ilk dəfə eşidəcəksiz

14:00 Neftçi 1 674
Qriqorçukun “Neftçi”dən getməsinin ŞOK SƏBƏBLƏRİ! – Bunlar ilk dəfə eşidəcəksiz

Bu roman da belə bitdi.

Roman yazılmamış bitdi.

Başlamadan bitdi.

Qriqorçuk «Qəbələ»də həqiqətən böyük roman yazmışdı. Premyer Liqanın medalları, iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə onunla əldə olunmuşdu.

Ukraynalı «Qəbələ»də öz əli, beyni və savadıyla yazdığı romanın davamını «Neftçi»də qələmə ala bilmədi.

Əvvəldən axıra kimi hər şey onda pis alındı.

Burada 9 oyuna çıxdı, 1 qələbə əldə etmədi. Məğlubiyyətlərlə heç-heçələri yan-yana düzdü.

Azarkeşləri rəhbərlikdən narazı, futbolçuları incik saldı. İyunun 26-da 2 illik müqaviləyə imza atdığı gündən sonrakı müddətdə onda heç nə alınmadı.

30 milyon manata yaxın büdcəsi olan kluba 10-a yaxın transfer etdirən baş məşqçidən gözləntilər tamam başqa idi.

Xilaskar gözüylə baxılırdı ona. Hamıda belə bir inam var idi ki, Qriqorçuk gəldisə, «Neftçi»nin çöküşü dayanacaq, yüksəliş başlayacaq, hər şey əla olacaq - çempionluq uğrunda mübarizəyə qoşulma, avrokuboklarda qrup mərhələsinə vəsiqə kimi bir çox uğurlara imza atacaq, əlqərəz, yeni tarixi salnamə yazacaq.

Bunların heç biri olmadı. Niyə olmadı? Gümanlar çox yerə gedir, amma nəzərlər 1 nəfərin üzərində dayanır - o, baş məşqçidir.

Etdiyi yanlışları saymaqla qurtarmaz. Ən böyük xətası odur ki, 2018-ci ilin mayın 29-da – «Qəbələ»dən ayrıldığı dönəmdə qaldı.

Fərz etdi ki, qoyub getdiyi Azərbaycan çempionatıdır, bir daş da yerindən tərpənməyib. «Neftçi»ni «Qəbələ» ilə səhv saldı, düşündü ki, orada çalışdığı kimi çalışsa, işləri yağ kimi gedəcək.

«Qəbələ»də futbolçularla, xüsusilə yerlilərlə pis rəftar edirdi. Beyni çönəndə söydüyü də olurdu.

Əksəriyyəti üzünə qayıtmırdı, başını aşağı salırdı. Üzünə cavab verənin də «qələm»ini elə o dəqiqə qırırdı, komandadan göndərdi.

Aradan 6 il keçdi, gəldi «Neftçi»yə sandı ki. həmin iş prinsipləri burada da işləyəcək. Türkiyə toplanışından başlayaraq, oyunçularla kəllə-kəlləyə gəldi, çatanı təhqir elədi, çatanı cərimələdi.

Qara Qarayevi hesabdan sildi, Emin Mahmudovla qalmaqala girdi, kapitanlıq sarğısından məhrum elədi.

Digər yerli oyunçuları da hiddətləndirdi, olaylar yaşandı. Hansılar ki, bunların heç biri indiyədək mediaya çıxmayıb, gizli saxlanılıb.

İstənilən komandada 1 futbolçu baş məşqçidən narazıdırsa, problem öeyil, ötüşdürmək olar. İki futbolçu giley-güzar edirsə, yenə problem deyil, prosesi idarə etmək olar.

Əgər bir komandada azı 4-5 futbolçu şikayətçilər qrupu yaradırsa, vay o məşqçinin halına, evi yıxıldı!

Qriqorçuk «Neftçi»də baltanı lap kökündən vurdu. Yerli kontingenti tamamən özündən küsdürdü, legionerlər arasında da ayrı-seçkilik elədi. Ondan qabaq gələnlərlə özünün vaxtında gələn əcnəbiləri bir-birindən fərqləndirdi.

Ab-hava bir yerdə korlanıbsa, hansı taktiki seçimə əl atsan, heyətdə rotasiya etsən, xeyir eləməz - ya göldə batacaqsan, ya çayda boğulacaqsan.

Qriqorçuk artıq sıradan çıxmış metodikayla, müasir futbolla ayaqlaşmayan gündəlik məşq proqramlarıyla, saatlarla çəkən iclaslarla komandanı böyrü üstə qoydu.

Beşli müdafiədən dördlü müdafiəyə keçid, oyunçuların mövqe yerdəyişməsi və digər bu kimi meydanda gördüyümüz dəyişiklər xırda elementlərdir, təfərrüatdır.

«Neftçi»yə gəlmisənsə, o qədər pul alırsansa, nəticən özünü çox gözlətməməlidir. Son 30-32 ildə heç bir baş məşqçi burada 2 ildən artıq duruş gətirə bilməyəcək.

Gəldinsə, pulunu aldınsa, uğurun qapısını döyməli, oradan içəri keçməlisən. Sənə heç kim bir elə möhlət verməyəcək: nə rəhbərlik, nə də azarkeş.

Allah tərəfi, klubu idarə edən şəxslər Qriqorçuk üçün ideal şərait qurmuşdu. Elə bir istəyi olmadı ki, qarşılığında «yox» eşitsin.

«Qa» dedi, «qa» oldu, «qu» dedi, «qu» oldu. O, yaradılan imkandan düzgün yararlanmadı.

Başbilənlər bu çətin dönəmdə yaxasını kənara çəkmədl, son ana qədər baş məşqçinin yanında dayandı. Qriqorçuk yanlış tövrü ilə onları çətin vəziyyətdə buraxdı və getdi…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti