“Neftçi” Moskva MOİK-i və "Ural"ın sabiq baş məşqçisi Viktor Qonçarenko ilə danışıqlar aparıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
İddia olunub ki, paytaxt təmsilçisi 47 yaşlı mütəxəssisə təklif göndərsə də, o, komandanın sükanı arxasına keçməkdən imtina edib.
“Neftçi” ilə yanaşı, “Pari Nijni Novqorod”un da belaruslu çalışdırıcının xidmətində maraqlı olduğu bildirilib.
“Neftçi”nin mətbuat xidməti yayılan son xəbərlərlə bağlı Rusiyanın “Sport Express” nəşrinə açıqlama verib. “
Viktor Qonçarenko çox təcrübəli və postsovet məkanında tanınmış məşqçidir. Amma bu məlumat həqiqətə uyğun deyil” – deyə, bildirilib.
30 may 2024-cü ildə belaruslu mütəxəssis “Ural”dan qovulub. Bundan əvvəl o, BATE, ÇSKA, “Kuban”, “Ufa” və “Krasnodar”da çalışıb.
ÇSKA ilə birlikdə iki dəfə Rusiya çempionatında (2016/17, 2017/18) gümüş medal qazanıb və 2018-ci ildə ölkə Superkubokunu əldə edib.
9 turdan sonra Premyer Liqada 5 xal toplayan “Neftçi” turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Kəpəz” məğlubiyyətinin (3:4) ardından komandanın baş məşqçisi Roman Qriqorçukun istefaya gedəcəyi ilə bağlı xəbərlər dolaşır.