Demba Darbonun "Neftçi"yə gəlişinin iki ay olmasına sayılı günlər qalır.
Qambiyalı forvard gəldiyi ilk gündən "ağ qaralar"ın vazkeçilməz simasıdır.
Hücumçu arxada qalan müddətdə 5 rəsmi oyuna çıxıb.
Hamısı start heyətində və sona qədər. Yalnız Gəncədəki matç xaric. "Kəpəz"lə görüşdə Qriqorçuk ona 77 dəqiqə şans tanıdı.
Amma yenə bir fayda ala bilmədi. Əvvəlki görüşlərdə olduğu kimi afrikalı legioner fürsətləri boşa verməklə yadda qaldı.
26 yaşlı futbolçu 5 matçda nə qol vura bilib, nə də məhsuldar ötürmə ilə önə çıxıb.
Əvəzində azərbaycanlı hücumçu Ağadadaş Salyanski onun 5 matçda edə bilmədiyini cəmi 10 dəqiqədə bacardı.
İlk 7 turda 1 dəqiqə belə oynamaq şansı almayan 20 yaşlı hücumçu yalnız "Kəpəz"ə məğlub olanda ukraynalı mütəxəssisin yadına düşdü.
O da 84-cü dəqiqədə meydana ayaq basdı, 90+4-cü dəqiqədə fərqi minimuma endirdi.
Salyanskiyə verilən şans gecikmiş qərardır. Biz həftələrdi yazırıq ki, bu uşaq oynamalıdır. Şans almalıdır.
Onun vurduğu qolu Qriqorçuk başda olmaqla heyətdə her alan bütün əcnəbilərə vurulan sillə kimi də qəbul etmək olar.
Normalda gəlmələr yerlilərə örnək olmalıdır. Gənclər əcnəbilərə baxıb nələrisə mənimsəməlidir.
"Neftçi"də bu da tərsinədir - 20 yaşlı gənc milyonluq legionerlərə yol göstərir. Hələlik qolun yolunu.
XANOĞLAN/SPORTİNFO.AZ