"Neftçi"nin qələbə həsrəti 5 aydır davam edir.
"Ağ qaralar"ın azarkeşləri sonuncu dəfə may ayında 3 xala sevinib.
Ötən mövsümün 35-ci turuna təsadüf edən görüşdə komanda "Səbail"i darmadağın edib - 3:0.
Elə ötən mövsümün son turunda "Sabah"a məğlubiyyətlə başlayan uğursuz seriya hələ də davam edir.
Roman Qriqorçukun kollektivi biabırçı mənzərəyə son qoymaq üçün bu gün Tovuzda növbəti cəhdini edəcək.
Rəqib Premyer Liqanın sonuncusu olan "Kəpəz"dir.
Ev oyunlarını məcburiyyətdən Tovuzda keçirən, çempionatın ən aşağı büdcəsinə sahib olan "Kəpəz".
Məsələn, "Neftçi" "Şamaxı" ilə görüşdə xal itirəndə ukraynalı mütəxəssisə haqlı olaraq irad bildirildi ki, 1 aya yığılan komanda ilə bacarmadınız.
"Kəpəz" isə heç bir ayın da komandası deyil.
Ötən ay Qərb təmsilçisinin baş məşqçi postuna təyinat alan Azər Bağırov hələ indi heyət yığır.
Ordan-burdan futbolçu tapıb ortaya kollektiv çıxarmağa çalışır.
Daha Emin Mahmudov da kapitan deyil. Heç Qara Qarayev də "Neftçi" forması geyinmir.
Uzun müddətdir Azər Salahlını da heyətdə görmürük.
Sonuncu yeni transfer Dembo Darbo olub. 36 gün əvvəl düşərgəyə qoşulub. Deməli, yenilərin adaptasiyası üçün zamanı yetəri qədər olub.
Bir sözlə, "Neftçi"nin bu gün qələbə qazana bilməməsi səbəb tapmaq olmaz. Nə yerin dibindən, nə də göyün üzündə.
Qriqorçukun dilə gətirməsi üçün bəhanəyə iynə ucu qədər yer yoxdur.
Əgər bu dəfə də xal itkisi yaşansa, Qriqorçuk təkcə "Neftçi"dən getmək barədə düşünməsin.
Belə rüsvayçılıqdan sonra məşqçilik karyerasını başa vurub-vurmamasını da mütləq götür-qoy etsin.
XANOĞLAN İMANOV